BAKI, 15 dekabr — Sputnik. Amerikalı aktyor Maykl Duqlas və avstriyalı aktyor, rejissor və ssenarist Kristof Vals “Paramount Pictures” kinostudiyasının hazırladığı televiziya serialında ABŞ prezidenti Ronald Reyqan və SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun obrazını canlandıracaqlar.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, serial “Reyqan Reykyavikdə: Soyuq müharibəyə son qoyan 48 saat” (Reagan at Reykjavik: Forty-Eight Hours That Ended the Cold War) kitabı əsasında çəkiləcək.
Bildirilib ki, kitabın müəllifi ABŞ-ın Silahlara Nəzarət və Tərksilah Agentliyinin keçmiş direktoru Kennet Edelmandır. Bu agentlik 1961-1999-cu illərdə fəaliyyət göstərib və Edelman ona Reyqanın prezidentliyi dövründə (1983-1987) illərdə rəhbərlik edib.
Serialın quruluşu, “Kart evi” və “Tvin Piks” layihələrinə görə tamaşaçılar arasında şöhrət qazanan rejissor Ceyms Fouliyə həvalə olunub. Filmin icraçı prodüserləri Ceyms Fouli və Yutçi fon Lintel olacaq.