CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hamının qəlbinə yol tapan İslam - "Dağı-daşı dilə gətirirdi"

Buraxılışda İslam Abdullayevin ömür yolu və Azərbaycan muğam sənətinin inkişafındakı xidmətləri haqqında geniş məlumat yer alıb
Sputnik

BAKI, 15 dekabr — Sputnik. Beynəlxalq Muğam Mərkəzinin (BMM) "Qarabağın musiqi xəzinəsi" layihəsinin növbəti buraxılışı Qarabağ muğam məktəbinin görkəmli nümayəndəsi İslam Abdullayevə həsr olunub.

Sputnik Azərbaycan xəbər verir ki, buraxılışda İslam Abdullayevin ömür yolu və Azərbaycan muğam sənətinin inkişafındakı xidmətləri haqqında geniş məlumat yer alıb.

İslam Abdullayev 1876-cı ilin dekabrında Qarabağın ən gözəl dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. Azərbaycan musiqi mədəniyyəti tarixində silinməz izlər qoyan, əsl sənət xadimi olan Mir Möhsün Nəvvab 1883–cü ildə Şuşada tayı-bərabəri olmayan bir məclis – "Xanəndələr məclisi"ni yaratmışdı. Məclisin əsas qayəsi, amalı yeni-yeni istedadlı xanəndələr nəsli yetişdirmək idi. Görkəmli musiqişünas alim Mir Möhsün Nəvvabın "Xanəndələr məclisinə" dəvət etdiyi istedadlı gənclərdən biri də İslam idi. İslamın bütün qəlblərə yol tapan, xoş avazlı səsindən xəbər tutan M.M.Nəvvab onu o dövrün məşhur sənətkarlarından dərs alıb öyrənməsinə, muğamın sirlərinə daha da dərindən bələd olmasına şərait yaradıb. Qısa bir zaman içərisində İslam öz istedadı, qabiliyyəti, xoş rəftarı ilə musiqini qavrama, duyma bacarığını birləşdirərək çox zəngin xarakterə malik istedadlı bir xanəndə kimi formalaşmışdır.

İslamın ilk dəfə "Segah" oxumağa başlaması məşhur tarzən Sadıqcanın oğlunun toyunda olub. Həmin gün İslam "Segahı" elə məharətlə, özünəməxsus bir tərzdə oxuyub ki, bütün məclis əhlini heyran qoyub. Onun səsi tez bir zamanda bütün Qarabağa yayılıb. "Segah", xüsusilə də "Yetim Segah" oxumağı ilə ürəkləri titrədən İslama hamı "Segah İslam" deyə müraciət edirdi. İslam Abdullayev 1901–1905–ci illərdə tarzən Qurban Pirimovla birlikdə Qarabağ, Gəncə məclislərində çıxış edib. Qurban Pirimov deyirdi ki, o, "Yetim segah"ı oxuyanda elə bil dağı–daşı dilə gətirirdi. İslamın "Segah"ı gənc xanəndələr üçün bir məktəb olub.

İstedadlı xanəndə uzun illər Azərbaycan Dövlət Estradasının solisti olub. Qocaman xanəndə İslam Abdullayev 1949-cu ildə 73 yaşında Azərbaycanın "Əməkdar artisti" adına layiq görülüb.

İslam Abdullayev 1964-cü il sentyabrın 22-də dünyasını dəyişib.