CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabineti icbari tibbi sığorta barədə yeni qərar verdi

Qanuna uyğun olaraq ilin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur
Sputnik

BAKI, 15 dekabr - Sputnik. Nazirlər Kabineti “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərar qəbul edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, qərara əsasən, “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası” təsdiq edilib. 

Tibbi xidmətlərin xidmətlər zərfinə daxil edilməsi qaydası müəyyənləşib

Bu Qayda “Tibbi sığorta haqqında” qanunun 15-25.1-ci maddəsinə əsasən hazırlanıb və icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edir. 

Qanuna görə, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardır: 

- sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları; 

- subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər; 

- icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər; 

- müştərək maliyyələşmə məbləği; 

- qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş borc; 

- “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar; 

- Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr. 

Qanuna uyğun olaraq ilin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur.

Qanunda nəzərdə tutulmuş müştərək maliyyələşmə məbləği istisna olmaqla, digər mənbələrdən icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin bank hesabına toplanılır və Qanunda göstərilən məqsədlər üçün istifadə edilir.

Dövlət xəstəxanalarında xidmətin təşkili qaydası dəyişir

İcbari tibbi sığorta vəsaitləri, o cümlədən həmin vəsaitlər üzrə gəlir və xərclərin uçotu “Mühasibat uçotu haqqında” qanuna uyğun olaraq Agentlik tərəfindən aparılır.

Təsdiq edilmiş qaydaya əsasən, Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Hər təqvim ili tamamlandıqdan sonra, növbəti ilin ilk ayının 31-dən gec olmayaraq, Qanuna əsasən, Agentliyin hesabına ödənilmiş vəsaitlər üzrə Agentliklə Maliyyə Nazirliyi arasında, Qanunda nəzərdə tutulmuş vəsaitlər üzrə isə Agentliklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında tutuşdurma Aktı tərtib edilir.