İQTİSADİYYAT

Ani Ödənişlər Sisteminə daha iki bank qoşulub

Hal-hazırda 17 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və "Azəripoçt" MMC AÖS platformasına inteqrasiya olunub.
Sputnik

BAKI, 15 dekabr — Sputnik. Azərbaycan Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılaraq cari ilin 1 oktyabr tarixində istismara verilmiş Ani Ödənişlər Sisteminin (AÖS) infrastruktur imkanlarının genişləndirilməsi üzrə fəaliyyət davam etdirilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində "Yelo Bank" ASC, "ACCESS Bank" QSB və "Azəripoçt" MMC yaradılmış yeni infrastruktura inteqrasiya olunub. Beləliklə qeyd olunan bu qurumların müştəriləri də digər iştirakçıların müştəriləri olan fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları ilə qarşılıqlı hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (mobil nömrə, FİN kod, VÖEN, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanından istifadə etmək imkanı əldə ediblər.

Hal-hazırda 17 bank, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və "Azəripoçt" MMC AÖS platformasına inteqrasiya olunub. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.