CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlik şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı elektron yeniliklərini təqdim edib

Nazirlik Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyində şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərin təqdimatı keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Nazirlik Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır. O qeyd edib ki, Nazirliyin əməkdaşları hər bir şəhid ailəsi, yaralanmış, itkin düşmüş hərbçilərin ailələri ilə görüşərək, dəstək tədbirləri görür: "Şəhid ailələrinə Prezidentin aylıq təqaüdlərinin, pensiya və ya müavinətlərinin təyinatları aparılır. Son bir həftədə şəhidlərin artıq 1200-ə qədər ailə üzvünə təqaüd, pensiya, müavinət təyinatları aparılıb və proses davam edir. Qeyd edilən vətəndaşlara ünvanlı yardım, məşğulluq və özünüməşğulluq proqramları, psixoloji xidmətlər çərçivəsində də dəstək işləri görülür".