BAKI, 14 dekabr — Sputnik. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkəmizdə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq. Bu barədə "ASAN Xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumatda deyilib.
Qeyd olunanları nəzərə alaraq, "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinin iş saatlarında dəyişiklik edilib. Müvafiq dəyişikliyə əsasən, 14 dekabr tarixindən 30 dekabr tarixinədək Bakı şəhərində yerləşən bütün "ASAN xidmət" və "ASAN Kommunal", həmçinin Sumqayıt və Gəncə regional "ASAN xidmət" mərkəzləri saat 18.00-dək, digər regional mərkəzlər isə 17:00-dək fəaliyyət göstərəcək.
Həmçinin xatırladaq ki, koronavirusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində 12-13, 19-20, 26-27 dekabr tarixlərində bütün "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.