CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünya onu "Tacir Əsgər" kimi tanıdı

SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.
Sputnik

BAKI, 14 dekabr — Sputnik. "Alagöz", "Gecələr", "Lalələr", "Sənə də qalmaz", "Küçələrə su səpmişəm", "Evləri var" və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun anadan olmasının 105-ci ildönümü tamam olur.

Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Atası məşhur xanəndə, Azərbaycan muğamatlarının parlaq ifaçısı olub. O, Azərbaycanın xalq musiqi incəsənətinin beşiyi olan Şuşadandır. Anası Firuzə Abbasqulu qızı Vəkilova əslən qazaxlıdır. Ömrünün sonlarına kimi Tbilisidə Azərbaycan məktəblərində dərs deyib.

Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna daxil olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov əsgərlik illərindən sonra Tbilisi estrada qruplarından birinin solisti olub.

Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin" mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film 60 ildən çoxdur ki, müvəffəqiyyətlə nümayiş etdirilir.

Dünya onu "Tacir Əsgər" kimi tanıdı

Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi" məqaləsində aktyorun oyununu belə qiymətləndirib: "Əsgər rolu Rəşid Behbudovun ilk roludur. Rəşid öz gözəl, lirik səsi ilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş, alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..."

R.Behbudov söhbətlərinin birində deyib: "Dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl "Arşın mal alan" filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar. "Arşın mal alan" Azərbaycan kinosunun bütün dünyada bayrağına çevrildi. Bizim "Arşın mal alan" dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl "vizit vərəqəm" idi".

Yüksək peşə mədəniyyətinə, böyük vokal və musiqi-səhnə ustalığına malik olan R.Behbudov Azərbaycanda opera sənətinin inkişafına da sanballı töhfələr verib. Premyerası 25 dekabr 1953-cü ildə olmuş "Sevil" operasında əsas qəhrəman — Balaş rolu Behbudova tapşırılır. F.Əmirovun bu məşhur operasında yaratdığı Balaş rolu dərin dramatizmlə aşılanmış bu obraz sanballı opera-səhnə uğurlarından biri kimi geniş miqyasda təqdir olunub, respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. O, öz sənəti ilə işıqlı bir ümid doğurur, dünyanın sənət fəlsəfəsini açır, insanları daha xoşbəxt çağların gələcəyinə inanmağa çağırırdı. Səsindəki həzin lirizm insan ürəyinin qüdrətini və genişliyini vəsf edirdi.

1946-56-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olmuş R.Behbudov 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Bu, SSRİ-də ilk belə teatr idi. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır. R.Behbudov Azərbaycan xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında böyük rol oynayıb. Ansambl bəzi ölkələrdə bir neçə dəfə, təkcə Hindistanda 6 dəfə qastrol səfərində olub. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər Evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə" adlandırılıb.

Dünya onu "Tacir Əsgər" kimi tanıdı

O, bir çox böyük ümumdünya incəsənət məclislərində, beynəlxalq gənclər festivalında, xalqlar dostluğu konsertlərində, Bolqarıstan, Macarıstan, Polşa, Finlandiya, İngiltərə, Şotlandiya, Hollandiya, İtaliya, Fransa, Avstriya, Portuqaliya, Əfqanıstan, Türkiyə, İran, İraq, Suriya, Liviya, Hindistan, Misir, Efiopiya, Sudan, Ekvador, Peru, Argentina, Boliviya və s. ölkələrdə olub. Bir çox görkəmli bəstəkarların mahnıları R.Behbudovun ifasında dünya xalqlarının 50-dən çox dilində səslənib. R.Behbudov dünyanın məşhur ölkəsinə səfəri haqqında "Uzaq Hindistanda" kitabını yazır.

İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardan idi.

Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyildir.

Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyici qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.

1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri Xiyabanda dəfn edilib.