BAKI, 14 dekabr — Sputnik. Rusiyanın ABŞ-dakı səfirliyi Amerika KİV-inin Moskvanı Amerika dövlət qurumlarına haker hücumlarında ittiham etmək cəhdlərini əsassız adlandırıb. Sputnik Azərbaycan bu barədə "RİA Novosti"yə istinadla xəbər yayıb.
Qeyd edək ki, bir qədər bundan əvvəl "Reuters" agentliyi gizli mənbələrə istinad edərək xarici hökumət tərəfindən dəstəklənən bir qrup hakerin ABŞ Maliyyə Nazirliyi və Milli Telekommunikasiya İdarəsi sisteminə giriş əldə etməyə nail olduğunu xəbər vermişdi.
Mənbənin sözlərinə görə, haker hücumunun miqyası elə böyük olub ki, hətta ötən şənbə günü bu məsələ ilə bağlı ABŞ Milli Təhlükəsizlik Şurasının xüsusi iclası çağırılıb. "Washington Post"un yazdığına görə, kiberhücumda rusiyalı hakerlər ittiham olunsalar da, bununla bağlı heç bir dəlil göstərilmir.
"Amerika KİV-inin Rusiyanı ABŞ dövlət qurumlarına qarşı haker hücumlarında ittiham etmək üçün növbəti əsassız cəhdlərinə diqqət çəkmək istərdik. Bütün məsuliyyətimizlə bəyan edirik: informasiya məkanındakı hücumlar ölkəmizin xarici siyasət prinsiplərinə, milli maraqlarına və dövlətlərarası münasibətlərin qurulmasına dair mülahizələrimizə ziddir. Rusiya virtual məkanda "hücum" əməliyyatları həyata keçirmir", - deyə səfirliyin "Facebook" səhifəsindəki məlumatda qeyd olunur.
Məlumatda Rusiyanın kibertəhlükəsizliyə dair ikitərəfli və çoxtərəfli razılaşmaları təşviq etdiyi də vurğulanır.
Bundan əlavə, səfirlikdən Vladimir Putinin beynəlxalq informasiya təhlükəsizliyi sahəsində Rusiya-Amerika əməkdaşlığını bərpa etmək üçün kompleks tədbirlər proqramına dair təşəbbüslə çıxış etdiyini xatırladıblar.
"Həm bu, həm də iki ölkə arasında konstruktiv və bərabərhüquqlu dialoq qurmaqla bağlı digər təkliflərimizə indiyə kimi Vaşinqtondan cavab ala bilməmişik", - deyə məlumatda bildirilir.
İndiyə kimi Moskva bir neçə dəfə Qərbin Rusiya hakerlərinin müxtəlif kiberhücumlarda iştirak etməsi ilə bağlı ittihamlarını təkzib edib. Eyni zamanda, Rusiya Qərbə kibertəhlükəsizliyə dair dialoqun bərpasını təklif etsə də, bundan qəti şəkildə imtina olunub.