CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Romalılar öz tarixlərinə görə Azərbaycana təşəkkür etdilər

Məmməd Əhmədzadə Azərbaycan-İtaliya strateji tərəfdaşlığında Roma şəhərinin xüsusi rola malik olmaqda davam edəcəyini vurğulayıb.
Sputnik

BAKI, 14 dekabr — Sputnik. Roma şəhərinin tarixi ərazisi olan Fori İmperialidə yerləşən Via Alessandria küçəsində arxeoloji qazıntı işlərinin tamamlanması və həmin işlər vaxtı aşkarlanmış heykəltəraşlıq və memarlıq tapıntılarının təqdimatı ilə bağlı Roma şəhərinin meri Vircinia Racci, Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və şəhərin digər rəsmilərinin iştirakı ilə Romanın məşhur Mercati di Traiano muzeyində mətbuat konfransı keçirilib.

Mətbuat konfransında Roma şəhərinin meri Vircinia Racci Via Alessandria küçəsində həyata keçirilmiş arxeoloji qazıntı işlərinin tamamlanması və onun nəticəsi olaraq nadir heykəltəraşlıq və memarlıq əsərlərinin tapılmasının Roma şəhərinin həyatında böyük hadisə olduğunu bildirib və müvafiq arxeoloji qazıntı işlərinin həyata keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasına dərin təşəkkürünü bildirib.

Azərbaycanın İtaliyadakı səfirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbirdə çıxış edən səfir Məmməd Əhmədzadə multietnik və multikultural ölkə olan Azərbaycanın digər xalqların mədəniyyətinə də diqqət və qayğı ilə yanaşdığını, dünyanın müxtəlif ölkələrində tarixi, mədəni və dini abidələrin qorunması və bərpası məsələsini hər zaman diqqətdə saxladığını bildirib. Roma şəhərinin qədim irsinin bütün bəşəriyyətə aid olduğunu deyən diplomat əbədi şəhər və sivilizasiyanın beşiyi olan İtaliyanın paytaxtının Azərbaycanın qəlbində xüsusi yerinin olduğunu vurğulayıb. M.Əhmədzadə Roma şəhərinin Fori İmperiali ərazisindəki Via Alessandria küçəsində arxeoloji qazıntı işlərinin 2014-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin İtaliyaya rəsmi səfəri vaxtı Roma şəhər Meriyası ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirlyi arasında imzalanmış müqavilə əsasında həyata keçirildiyini xatırladıb, həmin qazıntı işlərinin öz hədəflərindən daha da irəli getdiyini və bir sıra dəyərli tapıntıların aşkarlanmasına səbəb olduğunu deyib. Həmin arxeoloji tapıntıların bu ilin fevral ayında Prezident İlham Əliyevin İtaliya dövlət səfəri vaxtı Meriyanın binasındakı Culio Cesare zalında şəhərin meri Vircinia Raccinin təşkilatçılığı ilə keçirilmiş mərasimdə nümayiş etdirildiyini diqqətə çatdırıb. Diplomat hazırki mətbuat konfransının keçirildiyi Mercati di Traiano muzeyinin bu ilin 28 may tarixində Respublika Günü münasibətilə Azərbaycan Respublikasının bayrağının rəngləri ilə işıqlandırılmasına görə Roma şəhərinin merinə təşəkkür edib və bunun İtaliya xalqının Azərbaycana dostluğunun nümayişi olduğunu bildirib. M.Əhmədzadə Azərbaycan-İtaliya strateji tərəfdaşlığında Roma şəhərinin xüsusi rola malik olmaqda davam edəcəyini vurğulayıb.