QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

İranlı deputat: Azərbaycan xalqı İranı yanında görmədi, bu boşluğu Ərdoğan doldurdu

İran parlamentinin Təbriz millət vəkili Əhməd Əli Rıza Beygi: "Zərifin Ərdoğan əleyhinə açıqlaması İran sevgisindən çox seçkilərə sərmayə qoymaq məqsədi daşıyır".
Sputnik

BAKI, 13 dekabr - Sputnik. İran parlamentinin Təbriz millət vəkili Əhməd Əli Rıza Beygi Qarabağ savaşında Tehran rəsmilərinin Azərbaycan xalqının yanında yer almadığını və bu boşluğu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın doldurduğunu bəyan edib. 

Sputnik Azərbaycan xəbər verir ki, millət vəkili Beygi, Twitter hesabındakı paylaşımında İran hakimiyyətini Qarabağ savaşında Azərbaycanın yanında durmamaqda günahlandırıb. 

O, İranın Xarici İşlər naziri Cavad Zərifin Türkiyə Prezidenti Ərdoğanın oxuduğu şeirlə İranın ərazi bütövlüyünü hədəf aldığını irəli sürməsinin "İran sevgisindən çox seçkilərə sərmayə məqsədi daşıdığını" qeyd edib. Beygi deyib: 

"Azərbaycan xalqı bütün ortaq dəyərlərə baxmayaraq, bu qarışıqlıqda "Qarabağ müharibəsi) İranı yanlarında görmədi. Bu boşluğu Ərdoğan doldurdu. Xarici İşlər naziri Cavad Zərif də səhv ünvanı göstərməməlidir". 

Xatırladaq ki, dekabrın 10-da Bakıda keçirilən "Zəfər paradı" zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur bayatıdan söylədiyi "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misraları İranda narahatlıqla qarşılanıb. Bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Twitter hesabında "heç kimin Ərdoğana oxuduğu şeirin İranın şimal-qərb hissəsində (Cənubi Azərbaycan - red.) "ərazilərin zorla bölünməsi" mövzusunda olduğunu xatırlatmadığına təəccübləndiyini" bildirib. İranın antiTürkiyə isterikası bununla bitməyib. Rəsmi Tehran və İran KİV-ləri Türkiyə və Azərbaycan əleyhinə həqarət dolu bəyanatlar səsləndiriblər.

Ötən gün isə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Cavad Zəriflə danışaraq İran tərəfinin məsələni yanlış anladığını diqqətə çatdırıb və Tehrandakı antitürk əhval-ruhiyyəyə etiraz edib.