BAKI, 13 dekabr - Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün İranın XİN rəhbəri Cavad Zəriflə telefonla danışıb.
Sputnik Azərbaycan Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən açıqlamaya görə, telefon söhbətində Çavuşoğlu deyib ki, İranda Türkiyə ilə bağlı yanlış anlaşılmadan və həqarət dolu açıqlamalardan Türkiyə tərəfi təəssüf hissi keçirib. Nazir bu xoşagəlməz vəziyyətlə bağlı İran tərəfinə iradını belə bildirib:
"Qarabağla əlaqəli olduğunu düşündüyümüz bir şeir və İrana heç bir aidiyyəti olduğunu düşünmədiyimiz danışıqların bəhanə edilməsi, bu barədə başqa kanallar olduğu halda, hörmətli dövlət başçımızın hədəf alınması, onun haqqında ağır açıqlamaların verilməsi qəbuledilməzdir".
Çavuşoğlu İrandan hamının üz döndərdiyi vaxtda Türkiyənin onun yanında olduğunu da xatırladıb:
"Türkiyə ən çətin vaxtlarda, hamının İrana arxa çevirdiyi dövrlərdə bu ölkənin yanında olub. Bu gerçəyin unudulması İrandan verilən ağır açıqlamalardan duyulan xəyal qırıqlığının təsirini daha da artırır".
Dekabrın 10-da Bakıda keçirilən "Zəfər paradı" zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın məşhur bayatıdan söylədiyi "Arazı ayırdılar, lil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misraları İranda narahatlıqla qarşılanıb. Bununla bağlı Türkiyənin İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif isə Twitter hesabında "heç kimin Ərdoğana oxuduğu şeirin İranın şimal-qərb hissəsində (Cənubi Azərbaycan - red.) "ərazilərin zorla bölünməsi" mövzusunda olduğunu xatırlatmadığına təəccübləndiyini" bildirib. İranın antiTürkiyə isterikası bununla bitməyib. Rəsmi Tehran və İran KİV-ləri Türkiyə və Azərbaycan əleyhinə həqarət dolu bəyanatlar səsləndirməyə davam edir.