QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Azərbaycan XİN Ermənistanı destruktiv fəaliyyətdən çəkinməyə çağırdı

"Rəsmi Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir, təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib".
Sputnik

BAKI, 13 dekabr - Sputnik. "Son günlər ərzində, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsi ətrafındakı meşəlik ərazidə qalan erməni silahlı birləşmələrinin terror və diversiya əməllərinə qarşı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən anti-terror əməliyyatı həyata keçirilir".

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həmin ərazilər uzun illər davam edən erməni işğalından Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən bu yaxınlarda azad edilib.

Məsələ ilə bağlı Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Müdafiə Nazirliyinin cari ilin 13 dekabr tarixli birgə açıqlamasında ətraflı məlumat verilib:

"Rəsmi Yerevanın Azərbaycanın ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Belə ki, təxribat fəaliyyəti erməni silahlı birləşmələrinin qalıqları tərəfindən törədilib. Öz növbəsində, Azərbaycan hökuməti və Rusiya Federasiyasının sülhməramlı heyəti 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəaları əsasında sülhün qorunub saxlanılması üçün bütün lazımi tədbirləri görürlər".

XİN xatırladıb ki, böyük səylər nəticəsində qəbul olunmuş Bəyanat tam atəşkəsi və bütün hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.

"Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən destruktiv fəaliyyətdən çəkinməyə çağırırıq. Azərbaycan Rusiya sülhməramlıları ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərərək, bölgədə sülh və təhlükəsizliyin təmin olunması üçün müvafiq tədbirləri həyata keçirəcək", - XİN-in bəyanatında deyilir.