BAKI, 12 dekabr — Sputnik. Təcavüz iddiaları ilə gündəmə gələn Türkiyənin məşhur yazıçısı İbrahim Çolak intihar edib.
Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, tanınmış yazar özünü Ankaradakı evinin qaz borusundan asaraq intihar edib. Məlumata görə, yazıçı intihardan əvvəl "Twitter" hesabından özünə qəsd edəcəyini bildirib.
"Özümü belə bir sona hazırlamamışdım. Diləyim yaxşı bir insan olmaq idi, bacarmadım. Saatlarla, günlərlə yaza bilərəm. Amma bu, heç nəyi geri gətirməz. Bu saatdan sonra həyat yoldaşımın, övladlarımın, dostlarımın üzünə baxa bilmərəm. Heç kim tam müqəssir deyil, lakin başqalarına dediyim "özümüzə yaraşanı edək" düsturunu özüm yerinə yetirmədiyim üçün həqiqətən peşmanam. Məni sevən bütün dostlarıma, əziyyətimi çəkən həyat yoldaşıma və övladlarıma əlvida deyirəm".
Qeyd edək ki, "Twitter"də "Leylasalinger" adlı bir izləyici yazıçını təcavüzdə ittiham etmişdi. Yazıçının meyiti tibbi ekspertizaya göndərilib.