CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Milli Məclis işinə dəyişiklik edir: "Pandemiya hələ uzun müddət olacaq"

Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə dair qanunun qüvvədə olma müddəti aradan qaldırılır
Sputnik

BAKI, 11 dekabr — Sputnik. Parlamentin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"nə dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, Milli Məclisin Daxili Nizamnaməsinin 3-cü maddəsinə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilir:

"Karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin Sədri Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi barədə qərar qəbul edir. Videokonfrans sistemi vasitəsilə keçirilən iclaslarda qeydiyyat və səsvermə deputatların gücləndirilmiş elektron imzaları vasitəsilə həyata keçirilir".

Qanun layihəsinə edilən yeni təklifə əsasən, iclasların videokonfrans sistemi vasitəsilə keçirilməsində vaxt çərçivəsi olmayacaq.

Qeyd edək ki, qanunun qüvvədə olma müddəti 2020-ci il dekabrın 30-dək olan dövrü əhatə edirdi.

Milli Məclis sədrinin I müavini Əli Hüseynli deyib ki, bu günə qədər kifayət qədər komitə iclası onlayn rejimdə keçirilib: "Parlamentin plenar iclasları isə ənənəvi qaydada baş tutub. Beynəlxalq mütəxəssislərin də fikri onu göstərir ki, pandemiya hələ uzun müddət olacaq. Ona görə də biz bu qanunda göstərdiyimiz vaxt rejimini aradan götürək”.

Parlament sədri Sahibə Qafarova deyib ki, Milli Məclisin plenar iclaslarının onlayn formatda keçirilməsi bu gün gündəmdədir: "Hazırda bununla bağlı iş gedir. Bəzi texniki məsələlər həllini tapmalıdır. Bu formatda plenar iclasın nə zaman keçiriləcəyi bilinmir. Amma bunu etmək üçün iş gedir”.

Müzakirələrdən sonra dəyişiklik ilk oxunuşda qəbul edilib.