CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda əmanətlərin tam sığortalanması barədə yeni qərar

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu il dekabrın 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılır
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmanətlərin tam sığortalanması haqqında" qanuna dəyişikliyə baxılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu il dekabrın 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılır.

Qanunun qüvvədə olma müddəti 5 aprel 2021-ci il tarixinə qədər uzadılır. Dəyişiklik səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, qlobal iqtisadi böhran fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixində “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilib. 2016-cı il martın 4-dən qüvvəyə minən qanuna görə, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanıb. Növbəti dövrlərdə, qanuna edilmiş dəyişikliklər əsasında sözügedən müddət 4 dekabr 2020-ci il tarixinədək uzadılıb.