İQTİSADİYYAT

Əmanətlər üzrə kompensasiya məbləği artırılır

Fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif edilir
Sputnik

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 dekabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Əmanətlərin sığortalanması haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif edilir.

Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitləri üzrə kompensasiya məbləği 20 min manat müəyyən edilməklə sığortalanması təklif edilir.

Bu, 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək. Qanuna dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Qeyd edək ki, "Əmanətlərin sığortalanması haqqında” qanuna təklif olunan dəyişikliklər dövlətimiz tərəfindən pandemiya şəraitində qəbul edilmiş digər mühüm qərarlarla ahəngdarlıq təşkil edir. Nəzərdə tutulan dəyişiklliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsini təkmilləşdirməyə, bazar intizamı və rəqabət mühitini gücləndirməyə, beləliklə bank sisteminin dayanıqlığı və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcək.