İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı, Tehran isə təcili izahat gözləyir

İran səfirinə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlmiş əsaslandırılmamış ittihamlarla bağlı narazılıq bildirilib. 
Sputnik

BAKI, 11 dekabr - Sputnik. İranın Ankaradakı səfiri Məhəmməd Ferazmənd Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən "Zəfər paradı"nda dediyi şeirlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Anadolu agentliyi məlumat yayıb.   

Məlumatda qeyd olunur ki, səfirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlmiş əsaslandırılmamış ittihamlarla bağlı narazılıq ifadə edilib:

"Səfir Ferazməndə, İranın xarici işlər naziri Cavad Zərifin tvit yazması, sonra Türkiyənin Tehran səfiri Dərya Örsün İran Xarici İşlər Nazirliyinə çağırılması, Türkiyə və Prezident Ərdoğana qarşı əsassız iddiaların ortaya atılması və beləliklə, İranda Türkiyə əleyhinə nifrət kampaniyasının başlaması ilə bağlı etiraz bildirilib". 

Diplomatik mənbələr bildiriblər ki, Ferazməndlə söhbətdə sözügedən iddialar tamamilə rədd edilib. Vurğulanıb ki, İran tərəfinin Türkiyə ilə bağlı hər hansı bir məsələdə narahatlıq duyduğu təqdirdə bunu çatdıra biləcəyi kanallar var ikən, məhz İran XİN başçısı Zərif tərəfindən "Twitter" vasitəsilə layiq olmayan tərzdə Türkiyənin hədəfə alınması qəbuledilməzdir. 

Bundan başqa, belə yanaşma tərzinin Türkiyə ilə İran arasındakı yaxın əlaqələrlə də uzlaşmadığı və sadəcə bu əlaqələri pozmaq istəyən dairələrə xidmət etdiyi də qeyd olunub.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə daha əvvəl verdiyi açıqlamada Türkiyənin Tehran səfiri Dərya Örsün İran XİN-ə çağrıldığını bildirmişdi. 

Ərdoğanın Arazla bağlı şeir oxuması İranı narahat etdi

"Türkiyə səfiri xarici işlər nazirinin müavini tərəfindən çağırılıb və ona hadisənin sərt şəkildə qınanıldığı bildirilib. Səfirə İranın məsələ ilə bağlı təcili izahat gözlədiyi bəyan edilib" - deyə Xətibzadə bildirib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən "Zəfər paradı"nda səsləndirdiyi "Arazı ayırdılar, qum ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar" misrasına rəsmi Tehran siyasi rəng verib. İranın xarici işlər naziri Cavad Zərif isə öz Twitter hesabında "heç kimin Ərdoğana oxuduğu şeirin İranın şimal-qərb hissəsində (Cənubi Azərbaycan - red.) "ərazilərin zorla bölünməsi" mövzusunda olduğunu xatırlatmadığına təəccübləndim" yazıb.

Qeyd edək ki, Ərdoğanın qədim Azərbaycan bayatısını səsləndirməsi Cənubi Azərbaycanda yaşayan soydaşlarımız tərəfindən coşğunluqla qarşılanıb və aksiyaya çevrilib. Onlar sözgüdən misraları kameralara söyləyərək "Bozqurd" işarəsi göstərməklə türk birliyini ifadə ediblər.