SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyənin müdafiə nazirindən yeni Qarabağ açıqlaması

Ortaq Mərkəzin binasının inşası və fəaliyyətin başlaması üçün Türkiyə - Azərbaycan - Rusiya arasında çalışmalar davam edir.
Sputnik

BAKI, 10 dekabr — Sputnik. 27 sentyabrda Ermənistanın mülki yaşayış məntəqələrini hədəf alan hücumları son damla idi. Azərbaycan Ermənistanın həyata keçirdiyi hücumları dayandırmaq və torpaqlarını işğaldan qurtarmaq üçün "Artıq yetər" deyərək hərəkətə keçdi. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.

"Azərbaycan "Tək vətən Hərəkat Planı"nı tətbiq etdi. 44 gün davam edən, lakin böyük ehtimalla 44 il və ondan sonra da barəsində danışılacaq zəfərlə bitən hərəkatla Azərbaycan öz torpaqlarını Ermənistan işğalından xilas edib. 10 noyabrda atəşkəs razılığı qüvvəyə minib. Cənab Prezidentimiz, cənab Putin ilə atəşkəsin şərtləri və davamlı olması barədə danışıqlar apararaq atəşkəs razılaşmasına lazımı töhfə veriblər", - deyə Türkiyənin müdafiə naziri bildirib.

Bölgədəki atəşkəsə nəzarət edilməsi üçün formalaşdırılacaq Türkiyə - Rusiya Ortaq Mərkəzi barədə danışan Akar deyib: "Ortaq Mərkəzin binasının inşası və fəaliyyətin başlaması üçün Türkiyə - Azərbaycan - Rusiya arasında çalışmalar davam edir".

Türkiyə Müdafiə naziri Azərbaycanın Atatürkün vəfat etdiyi 10 noyabr yerinə Şuşa zəfərinin qazanıldığı 8 noyabrı milli bayram günü olaraq elan etdiyinə diqqət çəkərək,  bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarına təşəkkür edib:

"Beləliklə, Azərbaycan "bir millət - iki dövlət" anlayışı ilə kədərdə və sevincdə bir və bərabər olduğumuzu bir daha göstərib. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək".