BAKI, 9 dekabr — Sputnik. Şəhid Xudayar Yusifzadənin ölümündən 2 gün öncə oxuduğu "Vətən yaxşıdır" adlı təsnifə onun adı verilib.
Sputnik Azərbaycan xəbər verir ki, "Xudayar təsnifi" adlanan ifaya xeyir-duanı bəstənin müəllifi, Azərbaycanın Xalq artisti, Şərəf, Şöhrət və İstiqlal ordeni laureatı Əlibaba Məmmədov verib.
Xatırladıq ki, bir neçə gün öncə Əlibaba Məmmədova bununla bağlı müraciət olunmuşdu. Ustad xanəndə bildirib ki, mahnının Xudayarın adı ilə adlandırılması ilə bağlı heç bir qəbahət görmür:
"Bu mahnı 60 ilin mahnısıdır. Bu vaxta qədər necə adlandırıblarsa, elə də qalmalıdır. Amma mənim üçün təfavütü yoxdur, yüzdən artıq mahnım var. Necə istəyirlər, adlandırsınlar. O, bizim üçün canını, qanını verib, hamımız ona borcluyuq".