MƏDƏNİYYƏT

Xalq yazıçısı Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib

Fondun rəhbəri Serhat Kabaklı Bakıda fəxri üzvlük diplomunu Kamal Abdullaya təqdim edib. O qeyd edib ki, Türk Ədəbiyyatı Fondu milli düşüncəni qoruyan, bu düşüncəni təbliğ edən əsərlərin dünyada yayılmasını həyata keçirən qurumdur
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Xalq yazıçısı, akademik Kamal Abdulla Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilib. Bununla bağlı qərar Fondun İdarə heyətinin iclasında qəbul edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Fondun rəhbəri Serhat Kabaklı Bakıda fəxri üzvlük diplomunu Kamal Abdullaya təqdim edib. O qeyd edib ki, Türk Ədəbiyyatı Fondu milli düşüncəni qoruyan, bu düşüncəni təbliğ edən əsərlərin dünyada yayılmasını həyata keçirən qurumdur: "Fondun fəxri üzvləri arasında təkcə ədəbiyyatçılar yox, siyasi xadimlər də var. Alparslan Türkeş, Rauf Denktaş, Süleyman Dəmirəl kimi siyasi xadimlər, Oljas Süleymenov, Anar kimi məşhur yazıçılar Fondun fəxri üzvləridir. Bu gün bizim fəxri üzvlərimiz sırasında Kamal Abdulla kimi böyük yazıçı və alimin olması əlamətdar və gözəl hadisədir. Siz daha böyük mükafatlara, daha böyük adlara layiqsiniz. Təbrik edirəm, uğurlu olsun".

Xalq yazıçısı Kamal Abdulla onu Türk Ədəbiyyatı Fondu kimi nüfuzlu qurumun fəxri üzvlüyünə seçdiklərinə görə qurumun rəhbəri Serhat Kabaklıya, məsul əməkdaşları İmdat Avşar və Bahtiyar Aslana təşəkkürünü bildirib:

"Ümid edirəm ki, bundan sonra əməkdaşlığımız və birgə fəaliyyətimiz daha da sıx olacaq, Azərbaycan-Türkiyə elmi-mədəni əlaqələrinin daha yüksək səviyyədə inkişaf etdirilməsinə çalışacağıq".