BAKI, 9 dekabr - Sputnik. "Əlbəttə, biz əməkdaşlığımızı dərinləşdirmək arzusundayıq. Bilirəm ki, sizin səfərinizin gündəliyi olduqca genişdir. Biz ölkələrimiz arasında gözəl siyasi münasibətlərimizdən faydalanaraq iqtisadi əməkdaşlıq və daha çox İtaliya şirkətinin Azərbaycanda fəaliyyətə cəlb edilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik. Buraya ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair böyük planlarımız da daxildir. Çünki bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman deyib.
"Bunun səbəbi ermənilər tərəfindən hər şeyin dağıdılması, yerlə yeksan edilməsidir. Buna dair kifayət qədər videomaterial var. Onlar vəhşi kimi davranmış və şəhərlərimizi darmadağın etmişlər. Bu da Azərbaycana qarşı olan təcavüzkar siyasətin bariz nümunəsidir. Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir. Ümidvaram ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq. Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk", dövlət başçısı bildirib.