SƏHİYYƏ

Tropik bitkilərdən ağciyər xərçəngi əleyhinə dərman hazırlanıb

Bu maddələr antibakterial təsir göstərərək xərçəng hüceyrələrinin membranına zərər verib onların böyüməsinin qarşısını effektiv şəkildə alır.
Sputnik

BAKI, 9 dekabr — Sputnik. Beynəlxalq tədqiqatçılar qrupunun tərkibinə daxil olan Moskva Milli Tədqiqat Texnologiya Universitetinin alimləri tərəfindən xərçəng hüceyrələrinin böyüməsinə imkan verməyən sink oksidli nanomaddə (ZnO NR) əldə ediblər. Mütəxəssislərin fikrincə, yaradılan nanomaddə çox unikaldır, çünki tropik bitkinin yarpaqlarından alınan ekstrakt zəhərli maddələrdən istifadə etmədən əldə olunur. Tədqiqatın nəticələri JOM jurnalında dərc edilib.

Alimlər sözügedən maddəni Hindistanın Andaman və Nikobar adalarındakı tropik yağış meşələrində bitən "Cyrtrandroemia nicobarica" adlı bitkinin yarpaqlarından alıblar.

Mütəxəssislər qeyd edirlər ki, hazırda sink oksidli nanomaddələrdən müxtəlif xəstəliklərin müalicəsində uğurla istifadə olunur: onların köməyi ilə xəstə insanın orqanlarına dərman preparatı yeritmək və bədənin xəstəliyə məruz qalmış hissələrinin görüntüsünü əldə etmək mümkündür. Bu maddələr antibakterial təsir göstərərək xərçəng hüceyrələrinin membranına zərər verib onların böyüməsinin qarşısını effektiv şəkildə alır.

Xərçəng şişləri niyə yaranır - ARAŞDIRMA

Alimlərin sözlərinə görə, hazırda ZnO NR maddəsinin əldə olunması üçün ağır zəhmət tələb edən metodlardan və bahalı cihazlardan istifadə olunur. Bundan başqa, həmin maddənin yaradılması prosesində zəhərli kimyəvi maddələrdən də istifadə olunur. Bu səbəbdən də son zamanlar bitki, göbələk və bakteriya əsasında aparılan yaşıl sintez istiqaməti fəal inkişaf etdirilir.

"Biz laborator tədqiqatlar yolu ilə bitkilərdən əldə olunan nümunələrin toksiki olmadığını təsdiqlədik. Bundan sonra keçirilən xüsusi analizlər nanomaddələrin insanın ağ ciyərlərindəki xərçəng hüceyrələrini aktiv şəkildə məhv etdiyini göstərdi", – deyə Moskva Milli Tədqiqat Texnologiya Universitetinin dosenti Mixail Qorşenkov elmi prosesi izah edir.

Mütəxəssislərin fikrincə, tədqiqat seçilmiş bitki ekstraktından əmələ gələn zəhərli olmayan ZnO nanomaddəsindən istifadə etməklə ağciyər xərçənginin nanotexnologiyaya əsaslanan müalicəsinin mümkün olduğunu təsdiqləyib.

Qeyd edək ki, tədqiqata K.S. Ranqasami adına (Tamilnad, Hindistan) İncəsənət və Elmlər Kolleci və Seul Milli Elm və Texnologiya Universitetinin (Koreya Respublikası) mütəxəssisləri də cəlb olunublar.