Ərdoğan pandemiyadan xeyir götürməyin yollarını izah edib

Rəcəb Tayyib Ərdoğan: Pandemiya bizim kimi istehsal gücü yüksək olan ölkələr üçün yeni fürsət pəncərələri açdı.
Sputnik

BAKI, 8 dekabr - Sputnik. Dünyadakı tarazlıqları alt-üst edən pandemiya bizim kimi istehsal gücü yüksək olan ölkələr üçün yeni fürsət pəncərələri açdı. Coğrafi mövqeyi, güclü təməli və baş verə biləcək hadisələrə qarşı qazandığı müqavimətlə Türkiyə bu fürsətlərin dəyərləndirilməsi baxımından ən üstün ölkələrdən biridir.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Beynəlxalq İnvestorlar Birliyi (YASED) tərəfindən təşkil edilən "Beynəlxalq İnvestisiya Zirvəsi"nə göndərdiyi videomesajında yer alır.

Türkiyənin xüsusilə Asiya qitəsində alternativ istehsal şəbəkəsi axtaran beynəlxalq investorlar üçün əhəmiyyətli üstünlüklər təqdim etdiyinə inandığını qeyd edən Prezident Ərdoğan deyib:

"Alıcılıq gücü paritetinə görə dünyada 13-cü, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının isə ən böyük 7-ci ölkəsiyik. Hər il 50 milyondan çox ziyarətçiyə ev sahibliyi edərək dünyada ən çox ziyarət edilən altıncı ölkəyik. Dünya Bankının İşini Asanlaşdırma İndeksinin 2020-ci il sıralamasına görə, sadəcə son iki il ərzində 27 addım irəlilədik. Bütün dünyada birbaşa investisiyaların azaldığı bir dövrdə, investisiyalarını artıran nadir ölkələrdən biri olduq. 2018-ci ildə qlobal birbaşa investisiyaların 12 faiz azaldığı zaman ölkəmizə birbaşa investisiyalar 17,3 faiz artaraq 13 milyard dolları keçib. 2002-ci ildən bəri Türkiyəyə qoyulan 220 milyard dollar birbaşa investisiyanı beynəlxalq sahibkarların etimadının təzahürü olaraq görürük."

Ərdoğan əlavə edib ki, ölkəni yerli və beynəlxalq investorlar üçün riski az, yüksək güvənli və qənaətbəxş qazanclı bir cazibə mərkəzi halına gətirməyə qərarlıdırlar.

"Qarşıdakı dövrdə bu sahədəki əlavə islahatlarla investisiya mühitini daha da yaxşılaşdıracağıq”, - Ərdoğan deyib.