BAKI, 8 dekabr — Sputnik. Sosial şəbəkələrdə Elmir adlı gəncin çətin həyat şəraiti ilə üz-üzə qalması, bloklarda gecələməsi barədə məlumat paylaşılmışdı. Artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi tərəfindən müvafiq addımlar atılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Murad Həşimov məlumat verib: "Elmirin vəziyyəti barədə xəbər tutan kimi ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları dərhal onunla görüşmək üçün barəsində məlumatı paylaşan xanımla əlaqə saxladılar. Elmirlə görüşüldü. Yaşadıqları, ehtiyacları öyrənildi. Elmir artıq Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupundan olan şəxslər üçün nəzərdə tutulan Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsindədir".
"İsti mühit və gündəlik qidalanma ilə təmin edilir. Elmirin sonrakı dövrdə məşğulluğunun təmini üçün də çalışacağıq", - deyə M.Həşimov əlavə edib.