İşğaldan azad edilən ərazilərdə əkin-bərpa işləri görülür

M.Səfərov əkin-bərpa işlərində yaxından iştirak edən yerli icmaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.
Sputnik

BAKI, 8 dekabr — Sputnik. Payız ağac əkini mövsümü başlayandan bu günədək respublikanın meşə fondu torpaqlarının 362 hektarında 470 mindən çox meşəcinsli ağac əkilib, palıd, ağcaqayın, fısdıq və digər meşəcinsli ağac toxumları səpilib.

Meşələrin inkişafı xidmətinin rəsmisi Mehman Səfərov Sputnik Azərbaycan-a bildirib ki, meşələrin artırılması və yaşıllıq massivlərinin genişləndirilməsi məqsədilə Meşələrin inkişafı xidməti, yerli idarəetmə orqanları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə karantin qaydalarına əməl olunmaqla ölkə üzrə meşə fondu torpaqlarının açıq və seyrək sahələrində əkin-bərpa işləri aparılır, meşəcinsli ağaclar əkilir, toxumlar səpilir.

"Bu payız əkin planına uyğun olaraq 500 hektar meşə fondu torpağında əkin-bərpa işlərinin aparılması nəzərdə tutulub və demək olar ki, artıq planın 70 faizdən çox hissəsi yerinə yetirilib. Eyni zamanda, işğaldan azad olunmuş Füzuli, Zəngilan, Ağdam və Qubadlı ərazisində də paralel olaraq əkin-bərpa işləri həyata keçirilir. Ağacəkmə tədbirləri mövsümün sonunadək davam etdiriləcək".

M.Səfərov əkin-bərpa işlərində yaxından iştirak edən yerli icmaların və qeyri-hökumət təşkilatlarının nümayəndələrinə göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib.