SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyana istefa tələbləri bütün Ermənistanı bürüyüb

Paşinyan müxalifətin tələbini yerinə yetirmədiyi üçün bu gün paytaxt Yerevan və ölkənin müxtəlif regionlarında etiraz aksiyaları başlayıb.
Sputnik

BAKI, 8 dekabr - Sputnik. Ermənistanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər keçirilib.

Sputnik Ermənistan xəbər verir ki, etirazçılar hökuməti Ermənistanın milli maraqlarına xəyanətdə günahlandırıblar.

Dekabrın 5-də müxalifət Baş nazir Nikol Paşinyan və onun komandasına ultimatum verərək 8 dekabr saat 12:00-dək istefa verməsini tələb etmiş, əks halda vətəndaş itaətsizliyinin başlaması ilə bağlı xəbərdarlıq etmişdi. Lakin Paşinyan bu tələbi reallaşdırmadığı üçün bu gün paytaxt İrəvan və ölkənin müxtəlif regionlarında etiraz aksiyaları başlayıb.

Paşinyanın istefasını tələb edən aksiyalardan biri Milli Təhlükəsizlik Xidmətinin binası önündə keçirilib. Polis qüvvələri etirazçılara xəbərdarlıq etdikdən sonra aksiyaçılar şəhərin müxtəlif istiqamətlərində öz aksiyalarına davam ediblər. Ölkənin Baş Prokurorluğunun binası önündə də etiraz aksiyası keçirilib.

Etirazçılar şəhər metrosunun işinə müdaxilə etdiyi üçün müəyyən müddətlik paytaxtda metronun fəaliyyəti də dayandırılıb.

Yerevanın müxtəlif hisslərində keçirilən etiraz aksiyalarına ictimai və siyasi fiqurlar mədəniyyət və incəsənət nümayəndələri, tanınmış fəallar, vəkillər qatılıb.

Ölkənin Vəkillər Kollegiyasının sədri bildirib ki, 500-dən çox vəkil və hüquqşünas Baş nazir Nikol Paşinyanın istefasını tələb edir.

Etiraz aksiyaları paytaxt Yerevanla yanaşı Geğarkunik, Ararat, Şirak, Lori regionlarında da keçirilib. Yolları kəsən aksiyaçılar "xəyanətkar Nikol", "Nikol, get" kimi şüarlar səsləndiriblər.

Baş nazir Nikol Paşinyanın tərəfdarları da Yerevanda hökumət binasının yaxınlığında piket keçirərək hökumətə dəstəklərini ifadə ediblər.

Polis hökumət əleyhinə keçirilən aksiyalarda 81 nəfərin saxlanıldığını bildirib.