CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Üzündə gülüş donan şəhidim" - Xatirələrdə də belə qalacaq - FOTO

Gənc heykəltəraş: "Xudayarın hərbçi olmazdan öncə xanəndə olduğunu öyrəndim. Onun ifası mənə də təsir etdi. Ona görə də onun büstünü belə bir kompozisiya şəklində yaratdım, musiqi ilə əlaqələndirmək istədim"
Sputnik

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 8 dekabr — Sputnik. Ölümündən 2 gün qabaq "Keçdi xəyalımdan öz gözəl yurdum, Dumanlar başında dastana döndü, dastana döndü" mahnısını oxuyaraq özü də dastana döndü. Oktyabrın 20-də şəhidlik zirvəsinə ucalan Xudayar Yusifzadənin səsinin sehrinə düşən hər kəs onun xatirəsini əbədiləşdirmək üçün nələrsə etməyə çalışıb.

"Üzündə gülüş donan şəhidim" - Xatirələrdə də belə qalacaq - FOTO

Şəhidimizin səsindən, qəhrəmanlığından təsirlənənlərdən biri də gənc heykəltəraş Jalə Əliyevadır. Jalə Əliyeva Vətən müharibəsinin iştirakçısı olan Xudayar Yusifzadənin büstünü hazırlayıb. Rəssamlıq Akademiyasının 2-ci kurs magistrı olan gənc heykəltəraş yaratdığı əsərlə bağlı Sputnik Azərbaycan-a danışıb: "Büstün üzərində bir gün çalışmışam. Xudayarın hərbçi olmazdan öncə xanəndə olduğunu öyrəndim. Onun ifası mənə də təsir etdi. Ona görə də onun büstünü belə bir kompozisiya şəklində yaratdım, musiqi ilə əlaqələndirmək istədim. Əsərim hələ materiala çevrilməyib. Düşünürəm ki, materiala çevrildikdən sonra daha da yaxşı olacaq".

"Üzündə gülüş donan şəhidim" - Xatirələrdə də belə qalacaq - FOTO

Öz peşəsi ilə Vətənə, şəhidlərə olan mənəvi borcunu ödəməyə çalışan gənc heykəltəraş deyir ki, müharibə başladığı dövrdən bütün şəhidlərimizin büstünü hazırlamağı düşünür: "Bu, bizim borcumuzdur. Bundan öncə Cəbrayıl Dövlətzadənin də büstünü hazırlamışdım. Hazırda bir kompozisiya üzərində də işləyirəm - 27 şəhidin portreti var üzərində. O, hələ tamamlanmayıb".

"Üzündə gülüş donan şəhidim" - Xatirələrdə də belə qalacaq - FOTO

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin unudulmaz 2783 şəhidindən biri olan Xudayar Yusifzadə Zəngilan uğrunda gedən döyüşlərdə, Ağbənd qəsəbəsində şəhid olub.