BAKI, 7 noyabr - Sputnik. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, İdarənin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Ermənistan üzərində qazanılan qələbə münasibətilə Bakıda keçiriləcək "Zəfər paradı" səbəbindən bəzi küçələrdə hərəkətin bu gün axşam saatlarından tam məhdudlaşdırıldığı bildirilib.
O qeyd edib ki, hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib: "Hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməməsini sürücülərdən xahiş edirik. Paytaxtın Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.
Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidir.
Bundan başqa 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Su İdmanı Sarayının yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.
Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib".