Trampa qarşı peyvənd

Noyabr ayında çoxsaylı seçki saxtakarlıqları Trampı məğlubiyyətin bir addımlığına gətirib çıxardı. Hazırkı prezident bu məsələdə onun məğlubiyyətinə milyonlarla sərmayə qoymuş dərman istehsalçılarını günahlandırır.
Sputnik

BAKI, 7 dekabr — Sputnik, Viktoriya Nikiforova. Koronavirusun hər gün 2000-dən çox amerikalının həyatına son qoyduğu bir vaxtda prezident Trampın siyasi rəqibləri baş verənlərə görə onu günahlandırırlar. Bildirirlər ki, guya o, səhiyyə sistemini məhv edib, əhalini tibbi xidmətlə təmin edə bilməyib və COVID-19 təhlükəsini vaxtında düzgün qiymətləndirməyib.

Əslində, Amerika təbabətinin çöküşü – geniş əhali kütləsi üçün nəzərdə tutulan səhiyyə sisteminin məhv edilməsi prosesi – 90-cı illərin sonlarında başlayıb. Donald Tramp isə sadəcə bu prosesi yavaşlatmağa çalışırdı. Məsələn, Tramp Amerikanın "Big Pharma" şirkətinə qarşı müharibə elan etmişdi. Ancaq ona qalib gəlmək, demək olar ki, mümkün deyildi.

Uzun illərdir ki, Amerika səhiyyəsinin əsas problemlərindən biri dərmanların qiyməti, daha doğrusu, yalnız istehsalçıların tamahkarlığı ilə əsaslandırıla biləcək davamlı qiymət artımı ilə bağlıdır.

2015-ci ildə bütün dünya mətbuatı Martin Şkrelidən yazmağa başladı. Hiyləgər əczaçı İnsanın İmmun Çağtışmazlığı Virusuna (İİV) qarşı məşhur dərman preparatının hüquqlarını satın alaraq dərhal həmin həblərin qiymətini 13,5 dollardan 750 dollara qaldırdı. Şkreli "ilin ən nifrət edilən adamı" seçilsə də, bunun bir faydası olmadı, əczaçı dərmanın qiymətini aşağı salmadı.

Peyvənd rəqabəti, Qurbanın əsgərləri və Əlvida, Tramp!

Əslində, burada qeyri-adi bir şey yox idi. Amerikanın bütün əczaçılıq şirkətləri son illər dərman preparatlarının qiymətini kəskin şəkildə artırır, sadəcə skandallardan qaçmaq üçün bunu gizlincə edirlər. Məsələn, məşhur "Novarits" korporasiyası 2003-cü ildə xərçəng əleyhinə preparat buraxmışdı. Həmin vaxtdan indiyə kimi bu dərmanın qiyməti 22 dəfə bahalaşıb. Hazırda "Novarits"lə illik müalicə kursu 123 min dollara başa gəlir.

Nadir xəstəliklərin müalicəsi üçün nəzərdə tutulmuş orfan preparatlarının istehsalçıları da fantastik gəlir əldə edirlər. Bu dərmanlarla illik müalicə kursu təxminən yarım milyon dollara başa gəlir.

Müsbət əhval-ruhiyyə yaratmaq üçün istifadə olunan əfsanəvi "Prozac" təkcə 2019-cu ilin altı ayı ərzində 8,8 dəfə bahalaşıb.

Həyati əhəmiyyətli dərman preparatlarının bahalaşması daha dəhşətli haldır. 2009-cu ildən 2019-cu ilədək adi insulinin bir dozasının qiyməti üç dəfə artırılaraq 90 dollardan 330 dollara çatdırılıb. Düzdür, tibbi sığorta insulin xərclərini qarşılayır, lakin bu ölkədəki təxminən iki milyon diabet xəstəsinin tibbi sığortası yoxdur.

Otuz altı yaşlı Lora Marston bir il bundan əvvəl BBC jurnalistlərinə bildirmişdi ki, işlədiyi müəssisə bağlanandan sonra tibbi sığortadan da məhrum olub. "Mən həyatda qalmaq üçün bir ayda dərmana 2880 dollar xərcləməli oldum", - deyə o qeyd edib. İş tapmadığına görə, Marston evini, mebelini, maşınını və pensiya üçün yığdığı bütün pullarını xərcləməli olub – özü də bunu yalnız həyati əhəmiyyətli dərmanlarını ala bilmək üçün edib.

Əlacsız qalmış insanlar bir doza insulini bir neçə dəfəyə istifadə etmək məcburiyyətindədirlər ki, bu da çox vaxt ölümlə nəticələnir. Məsələn, 2017-ci ildə 26 yaşlı Alek Smit tibbi sığortasını itirəndən bir ay sonra məhz bu səbəbdən ölüb. Smit bütün gün işləsə də, insulin üçün tələb olunan 1000 dolları qazana bilməyib.

Antibiotiklərin qiymətinin yüksək olması isə hətta amerikalıları baytarlıq dərmanlarından istifadəyə məcbur edir. Xüsusən də, akvarium balıqları üçün nəzərdə tutulmuş "Penisilin" əhali arasında çox populyardır. 1950-ci illərdə istehsal olunmuş bu məşhur antibiotikin insan üçün nəzərdə tutulan versiyasının qiyməti 2400-2800 dollar arasındadırsa, insanlar başqa nə etməlidirlər ki?

Maraqlıdır ki, statistika əmlak qiymətlərindəki rekord artımı görmədiyi kimi, dərman qiymətlərinin də, necə deyərlər, ceyran belinə çıxmasını görmək istəmir. Statistik məlumatlara görə, ABŞ-da rəsmi inflyasiya səviyyəsi hələ də 1,5 faizdir ki, əlbəttə, bunun da reallıqla heç bir əlaqəsi yoxdur.

ABŞ Rusiyanın koronavirusa qarşı peyvənd hazırladığına inanmır

Dərmana əlçatanlıqla bağlı ABŞ-dakı vəziyyət tamamilə bənzərsizdir. Məsələ təkcə dərmanların qiymətində deyil, həm də yerli əczaçılıq şirkətlərinin bazarı tamamilə inhisar altına almasındadır. Yerli bazar ucuz idxal preparatlarının üzünə bağlıdır. Vətəndaşlar yalnız həkim resepti əsasında xaricdən az miqdarda dərman əldə edə bilərlər. Ümumiyyətlə, apteklərdən reseptsiz dərman almaq qeyri-mümkündür. Xarici internet saytları və ya sosial şəbəkələr vasitəsilə dərmanları əldən almaq da qadağandır.

Başqa sözlə, tibbi sığortasız insan – hazırda Amerikada onların sayı nə az, nə çox, düz 40 milyon nəfərdir – xəstələnəndə çıxılmaz vəziyyətə düşür. Aptekdən "Parasitamol"dan başqa heç nə ala bilmir. Antibiotik almaq üçün həkim ona resept yazmalıdır. Sığortası olmadan həkimin qəbuluna düşmək üçünsə çoxlu pul xərcləməlidir. Onunsa pulu yoxdur. Aydın məsələdir ki, pulu olsa, elə özünü tibbi sığorta etdirərdi.

Əslində, çox vaxt tibbi sığorta da dərman preparatlarının dəyərinin yalnız müəyyən hissəsini qarşılayır. Odur ki amerikalı pasiyentlərin üçdə biri, ümumiyyətlə, reseptlə satılan dərmanları almamağa çalışır.

Amerika vətəndaşları dərman böhranına görə bu bazardakı görünməz ələ "borcludurlar". Bu əl hökumətin ən kiçik müdaxiləsi olmadan ABŞ vətəndaşlarının ciblərini mütəmadi olaraq boşaltmaqla məşğuldur. Ölkədə dərman qiymətlərini tənzimləyən bircə dövlət qurumu da mövcud deyil.

ABŞ-da dərman istehsalına nəzərət etməli olan yeganə federal qurum – adına Food and Drug Administration (FDA) deyilən Ərzaq və Tibb Məhsullarının Keyfiyyətinə Sanitar Nəzarət İdarəsidir. Ancaq əczaçılıq şirkətləri bu qurumla bağlı problemlərini də həll edə biliblər: qəribə təsadüf nəticəsində, nədənsə, FDA-nın başında ömür boyu əczaçılıq şirkətlərinə rəhbərlik etmiş şəxslər dayanır.

Bununla belə, hətta FDA-nın da dərmanların qiymətinə nəzarət hüququ yoxdur. İş o yerə gəlib çatıb ki, bu il əczaçılıq şirkətlərinin fəaliyyətini ABŞ Konqresində araşdırmağa başlayıblar. Ancaq bir o qədər də səy göstərmədən. "Big Pharma"-nın amerikalı tənqidçiləri iddia edirlər ki, dərman sənayesi təmsilçiləri siyasətçilərə rüşvət vermək, namizədlərini təbliğ etmək və maraqlarını təmin etmək üçün hər il yüz milyonlarla dollar vəsait xərcləyir. Yeri gəlmişkən, ölkənin hər iki partiyası - həm Demokratlar, həm də Respublikaçılar onların maraqlarını dəstəkləməklə məşğuldur.

ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq

Yalnız iki siyasətçi ölkədə əczaçılıq şirkətlərinin hegemonluğuna qarşı mübarizə aparmağa çalışır. Bunlar Demokratlardan Berni Sanders və Respublikaçılardan Donald Trampdır. Hər ikisi də öz partiyaları tərəfindən gözümçıxdıya salınıb. Belə görünür ki, ölkənin siyasi rəhbərliyi ilə əczaçılarını, həqiqətən də, hansısa biznes maraqları birləşdirir.

Deyilənlərə görə, ABŞ-da bütün iri media oraqanlarıınn direktorlar şurasında nəhəng əczaçılıq şirkətlərinin ən azı bir nümayəndəsi təmsil olunur. Buna görə də jurnalistlər əczaçıların bütün fırıldaqlarına göz yummağa məcburdurlar. Bəlkə də bütün bunlar sadəcə şayiələrdir, lakin son illər ərzində heç bir iri Amerika media orqani "Big Pharma"-nın əməllərinin üstünü açmağa səy göstərməyib. Halbuki vəziyyət acınacaqlı həddə gəlib çatıb.

Reallıq ondan ibarətdir ki, hazırda sadə amerikalıların həyati əhəmiyyətli dərmanları almağa gücü çatmır. Prezident Donald Tramp bu korrupsiyalaşmış sistemi dağıtmağa cəhd göstərdi. Onun mübaliğəsiz tarixi qərar sayıla biləcək dörd sərəncamı ilə apteklərə Kanadadan ucuz dərman preparatlarının alınmasına icazə verildi, insulinin qiymətinin artırılmasına məhdudiyyət qoyuldu, "Medicare" inkişaf etmiş xarici ölkələrdə istehsalçıdan dərman hansı qiymətə alınırsa, o qiymətə əldə etməyə məcbur olundu, tibbi preparatlarla bağlı əlavə xərclər ləğv edildi.

Bu ilin iyul ayında imzalanmış sərəncamlar əczaçılıq şirkətləri tərəfindən qəzəblə qarşılandı.

Rusiyanın COVID-19 peyvənd sınaqları sona çatıb: Kütləvi istehsaldan nə gözləməli?

Noyabr ayında çoxsaylı seçki saxtakarlıqları Trampı məğlubiyyətin bir addımlığına gətirib çıxardı. Hazırkı prezident bu məsələdə onun məğlubiyyətinə milyonlarla sərmayə qoymuş dərman istehsalçılarını günahlandırır. Dekabr ayında əczaçılıq şirkətləri iyul sərəncamlarına görə prezident administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı. Və çox güman ki, bu məhkəmədə qalib gələcəklər.

İndi, hər bir halda, Tramp hakimiyyətdən gedərsə, amerikalıları artıq heç nə xilas edə bilməyəcək – bu ölkədə adi dərmanlar belə əməlli-başlı dəbdəbə predmetinə çevriləcək. Bu halda koronavirusa qarşı peyvənddən danışmağa dəyərmi?

Odur ki ABŞ hakimiyyət orqanlarının Rusiyanın təklif etdiyi "Sputnik-V" peyvəndindən imtina etmələri təəccüb doğurmur.

Axı amerikalı vergi ödəyicilərinin vəsaiti hesabına öz peyvəndlərini yaradan yerli dərman şirkətləri elə həmin vergi ödəyicilərini "yalnız yerli" məhsul almağa məcbur etməlidirlər. Onun qiymətinin nə qədər olacağı isə hələlik məlum deyil. Yalnız bir şey aydındır ki, ABŞ hakimiyyətinin bu qiymətlərə hansısa formada tərsir göstərmək üçün nə həvəsi, nə də imkanı var…