QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Sergey Lavrov: On noyabr bəyanatının əsasında baza prinsipləri dayanır

Rusiya XİN başçısı: Baza prinsipi deyəndə Azərbaycana 5, daha sonra iki rayonun verilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsini, Qarabağla Ermənistan arasında Laçın dəhlizinin yaradılmasını, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tuturam.
Sputnik

BAKI, 7 noyabr - Sputnik. ATƏT-in Minsk Qrupunun həmsədrləri son illər ərzində çox böyük iş görüblər. Ümumilikdə münaqişənin baza prinsiplərini hazırlayıb tərəflərlə razılaşdırıblar. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə üçtərəfli bəyanatının əsasında da bu baza prinsipləri dayanır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ara Avyazyanla danışıqlarının yekununa dair birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, baza prinsipi deyəndə Azərbaycana 5, daha sonra iki rayonun verilməsini, sülhməramlı qüvvələrin yerləşdirilməsini, Qarabağla Ermənistan arasında Laçın dəhlizinin yaradılmasını, nəqliyyat və kommunikasiya əlaqələrinin açılmasını nəzərdə tutur. Bütün bunlar üçtərəfli bəyanatda əksini tapıb və onun maksimal dərəcədə effektli şəkildə həyata keçirilməsinə başlanılıb.

Lavrovun sözlərinə görə, bu proses həmsədrlərin münaqişə tərəfləri ilə razılaşdığı qaydada gedir:

"Hesab edirik ki, indi üçtərəfli bəyanata hərtərəfli dəstəyi təmin etmək başlıca məsələdir. Ötən həftə ATƏT XİN başçılarının virtual iclasında üç həmsədr ölkənin XİN başçıları 10 noyabr tarixli üçtərəfli bəyanatı alqışladılar və bu bəyanatın reallaşdırılmasını dəstəklədiklərini bildirdilər. Fikrimcə, bu prosesə beynəlxalq təşkilatların cəlb olunmasında həmsədrlər öz nüfuzlarından istifadə edə bilərlər".

Rusiya XİN başçısı BMT sistemində olan təşkilatların Qarabağda gözlənilən fəaliyyətindən danışıb: "Onlar Azərbaycan və Ermənistanda fəaliyyət göstəriblər. Lakin Qarabağda olmayıblar. Ona görə də indi BMT baş katibi qiymətləndirici missiyanı hazırlayır. Təəssüflər olsun ki, bu, bir az vaxt alacaq, bürokratiya məsələləri var. Qiymətləndirici missiya hazırlanır. Həmin missiyanın haradasa dekabrın ortalarında regiona göndərməyi ümid edirlər".

Erməni KİV nümayəndəsinin "Rusiya sülhməramlılarının Dağlıq Qarabağın yerli hakimiyyəti ilə əməkdaşlığını necə qiymətləndirirsiniz" tipli təxribat xarakterli sualına isə Sergey Lavrov belə cavab verib: "Rusiya sülhməramlıları yerli əhali ilə fəal əməkdaşlıq edir. Qaçqınların qaytarılması prosesinə sülhməramlıların həmin ərazilərə gəlməsinin ilk dəqiqəsindən başlanılıb. Bu proses artıq dayanıqlı xarakter almağa başlayıb".