BAKI, 7 dekabr — Sputnik. Noyabr ayı ərzində Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) tərəfindən 81 razılaşdırılmış layihəyə əsasən tikintisi başa çatdırılmış sənaye təbii qaz qurğularının istismarına icazə verilib.
Agentlikdən Sputnik Azərbaycan-a bildirilib ki, ay ərzində layihə sənədləri ekspertiza edilmiş və razılaşdırılmış tikinti obyektlərinin sayı 409 olub. Aşkar edilmiş çatışmazlıq səbəbindən 4 layihə sənədinin razılaşdırılmasından imtina olunub.
Texniki sənədləşdirmə aparılmadan qazpaylayıcı şəbəkəyə 2 qeyri-qanuni qoşulma faktı aşkarlanıb. Agentlik tərəfindən noyabr ayında 5 inzibati xəta haqqında protokol tərtib edilib.
Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən noyabr ayı ərzində yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerji təchizat sxemini dəyişən 26 tikinti obyektinin xarici elektrik enerjisi təchizatı üçün quraşdırılmış elektrik qurğularına istismara buraxılış aktı verilib.
Müxtəlif tikinti obyektlərinin elektrik qurğularının 22 layihə sənədi ekspertizadan keçirilərək razılaşdırılıb, aşkar olunmuş çatışmazlıq səbəbindən 5 layihə sənədinin razılaşdırılmasından imtina edilib.
Noyabrda "Azərenerji" və "Azərişıq" ASC-nin nümayəndələrinin iştirakı ilə 10 hesablaşma elektrik sayğacının texniki vəziyyətinə baxış keçirilib.