BMTM II Qarabağ Müharibəsi dövründə aktiv fəaliyyət göstərib

Bu müddətdə BMTM tərəfindən bir sıra vebinarlar və məlumatlandırma sessiyaları təşkil edilib. ABŞ, Böyük Britaniya, Pakistan, Türkiyə, Polşa və bir sıra ölkələr tərəfindən təşkil olunmuş videokonfranslarda baş verən hadisələr barədə məlumat verilib.
Sputnik

BAKI, 7 dekabr — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə və noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın icrası müddətində informasiya müharibəsi sahəsində fəaliyyətini aktiv şəkildə davam etdirib. Sputnik Azərbaycan xəbər verir ki, Mərkəzin İdarə Heyəti, həmçinin ekspertlər fəaliyyətlərini xarici nəşrlərdə məqalələr dərc etməklə, beynəlxalq və yerli mediaya davamlı müsahibələr verməklə və vebinarlar təşkil etməklə icra ediblər. Bu müddət ərzində əməkdaşların "The National Interest", "Jamestown Foundation", "Euractiv", "The London Post", "New Eastern Europe", "Geopolitical Monitor", "Nezavisimaya Gazeta" və digər nüfuzlu nəşrlər daxil olmaqla Türkiyə, ABŞ, Kanada, Latın Amerikası, Avropa, Rusiyanın bır çox nəşrlərində 50-dən çox məqalələri dərc olunub. Məqalələrdə xüsusilə Ermənistanın 27 sentyabrda Azərbaycana qarşı təxribata əl atmasına, buna cavab olaraq Azərbaycanın bütün cəbhə boyu əməliyyatlara başlamasına, haqlı olaraq işğal olunmuş torpaqlarını azad etməklə bir növ BMT TŞ-nin qəbul etdiyi, lakin 25 ildən çoxdur icra etmədiyi qətnamələri həyata keçirməsinə və ümumiyyətlə, Ermənistan Baş Naziri Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra səsləndirdiyi ritorik bəyanatlar və atdığı addımların münaqişənin alovlanmasına təkan verməsinə diqqət çəkilir.

Həmçinin bu müddət ərzində BMTM heyəti dünya ictimaiyyətinin regionda baş verən hadisələrlə bağlı düzgün məlumatlandırmaq, Azərbaycanın haqq işini dünyaya çatdırmaq və erməni diasporunun apardığı anti-Azərbaycan kampaniyasına adekvat cavab vermək məqsədi ilə BBC, "Deutsche Welle", "TRT World", "Al Arabia", "Aljazeera", "Rustavi", "A Haber", "CNN Türk", ATR TV, "Anadolu Agentliyi" və digər nüfuzlu beynəlxalq media orqanlarına rus, ingilis və türk dillərində 30-dan çox müsahibələr verib. Eyni şəkildə müsahibələr Azərbaycanın yazılı, elektron mediasında və televiziyalarda da davam etdirilib. BMTM ekspertlərinin təhlilləri vasitəsi ilə münaqişənin mahiyyəti və Azərbaycanın mövqeyi yerli ictimaiyyətə də çatdırılıb.

Həmçinin BMTM -in ingilis dilində hazırladığı və Azərbaycandakı diplomatik korpusa göndərilən aylıq bülletenlərdə baş verən hadisələrə ətraflı yer verilib. Bu müddətdə BMTM-in elmi heyəti tərəfindən "Muzdlu və xarici döyüşlərin Ermənistan tərəfindən Azərbaycana qarşı istifadəsi", "Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistan tərəfdən yeniyetmələrin Azərbaycana qarşı döyüşməsi", "Azərbaycanın dinc vətəndaşlarına qarşı müharibə cinayətlərinin törədilməsi və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın vacib infrastrukturunu hədəfə alması", "Ermənistan-Azərbaycan münaqişəsinin unudulmuş qurbanı: Münaqişənin ətraf mühitə təsiri" adlı hesabat materialları hazırlanıb və müvafiq olaraq xarici tərəfdaşlara və Azərbaycandakı diplomatik nümayəndəliklərə göndərilib.

Bu müddətdə BMTM tərəfindən bir sıra vebinarlar və məlumatlandırma sessiyaları təşkil edilib. ABŞ, Böyük Britaniya, Pakistan, Türkiyə, Polşa və bir sıra ölkələr tərəfindən təşkil olunmuş videokonfranslarda baş verən hadisələr barədə məlumat verilib.

BMTM II Qarabağ Müharibəsi ətrafında baş verən prosesləri nəzərə alaraq bu istiqamətdə fəaliyyətlərini növbəti illərdə də davam etdirəcək.