QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Yaralı əsgərlər döyüş bölgəsinə qaçırdılar, bəzilərini güclə saxlayırdıq" - Həkim-cərrah

"Bir hərbçimizi əməliyyata aldıq, utana-utana dedi ki, həkim, mən bir neçə gündür ki çimmirəm, üzrlü sayın, məndən pis qoxu qələ bilər. Biz onu qucaqlayıb öpdük ki, sənin ətrin çiçək ətridir" - İnar Seyidov
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 6 dekabr — Sputnik. 44 günlük zəfər tariximizin yazılmasında rəşadətli Azərbaycan ordusu ilə yanaşı digər təbəqələrdən olan insanlarımız, ümumilikdə bütün xalqımız iştirak edib. Onların arasında ilk qeyd olunmalı olanlar təbii ki, hərbçilərimizin birinci köməkçiləri sayılan tibb işçiləridir.

Sputnik Azərbaycan olaraq İkinci Qarabağ müharibəsində həkim kimi iştirak etmiş travmatoloq-ortoped, tibb elmləri namizədi, Beynəlxalq Travmatologiya və Ortopediya Cəmiyyətinin (SICOT) üzvü İnar Seyidovla həmsöhbət olduq.

"Yaralı əsgərlər döyüş bölgəsinə qaçırdılar, bəzilərini güclə saxlayırdıq" - Həkim-cərrah

1979-cu ildə doğulan İ.Seyidov tibb üzrə Azərbaycan, Almaniya və Rusiyada təhsil alıb. 2013-cü ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun travmatologiya-ortopediya kafedrasında işləyir. O, elə sentyabrın 27-dən əsgərlərimizə xidmətə başlayıb: "Artıq sentyabrın 27-dən iş başında idik. Biz qısa müddət ərzində dörd briqadadan ibarət cərrah qrupu yaradaraq yorulmadan çalışdıq. Burada əsas fəaliyyətim cərrahi əməliyyatları yerinə yetirmək idi. Həqiqətən də o günlər bir tarix idi. Biz bir tərəfdən həyəcan, qürur və sevinc hissləri yaşayırdıq, digər tərəfdən şəhidlərimizə görə kədərlənirdik. İnsan nə qədər öz torpağını, öz xalqını və öz yoldaşlarını sevərmiş, bunu gördük".

"Yaralı əsgərlər döyüş bölgəsinə qaçırdılar, bəzilərini güclə saxlayırdıq" - Həkim-cərrah

Əsgərlərimizin şücaətinin şahidi olan həkim deyir ki, əksər hallarda yaralı əsgərlər xəstəxanandan qaçırdılar ki, yenidən döyüşlərə gedib erməni əsgərlərini öldürsünlər, öz döyüş yoldaşlarını müdafiə etsinlər: "Yaralı əsgərlər döyüş bölgəsinə qaçırdı, bəzilərini güclə saxlayırdıq. Onlar arasında eyni zamanda da Şuşa istiqamətində gedən döyüşlərə qayıtmaq istəyənlər də vardı. Təsəvvür edirsiz, bizim belə əsgərlərimiz vardı, onlar üçün gecə və gündüz bilmədən işləməyə hazır idik. Təsəvvür edin, hərbçilərimiz Şuşanı azad etdikdən sonra üç gün əməliyyat otağından çıxmadıq. Biz orada yeməksiz, fasiləsiz işləyirdik. Ümumiyyətlə, təslim olmağı belə ağlımızdan keçirtmirdik".

"Əsgərlərimiz mövqelərdə güclənəndə, yaralıların axını bir qədər azalırdı. Bir yaralımız vardı. Hər iki qolundan ağır xəsarətlər almışdı, bu səbəbdən onun hər iki qolunu amputasiya etmək məcburiyyətində qala bilərdik. Biz travmatoloqlar və damar cərrahları qrupu ilə birgə yaralımızın qollarını və bu qolları qidalandıran damarları bərpa etməyə çalışdıq. Lakin bir müddət sonra damarlardan birinin tromblaşdığı aydın olduğundan onu yenidən əməliyyat masasına qoyub damarları işlək vəziyyətə qaytarmaq lazım oldu. Artıq yaralı əsgərimiz Bakıdadır, özünü yaxşı hiss edir, qolları birləşib, onlar işlək vəziyyətdədir”, - deyə həkim əlavə edir.

"Yaralı əsgərlər döyüş bölgəsinə qaçırdılar, bəzilərini güclə saxlayırdıq" - Həkim-cərrah

İ.Seyidov həmin günləri çətin günlər kimi xatırlayır: "Füzuli Rayon Diaqnostika Mərkəzində fəaliyyət göstərərkən də biz əsgərlərimizin nə qədər şücaətli, xalqımızın nə qədər yardımsevər olduğunu gördük. Amma geridə qalan günlərimiz çox çətin idi. Biz əsgərlərimizin hansı çətinliklərlə üzbəüz qaldıqlarını görəndə, düşünəndə heç yorğunluq belə yadımıza düşmürdü. Bir sözlə, bu müharibə bizə çox şeylər öyrətdi. Xalqımız bir anda ayıldı, bir-birinə dəstək oldu, yumruq kimi həmrəy olduq. Bu, çox gözəl idi. Əsgərlərimizə hər tərəfdən sıravi vətəndaşlarımızın dəstəyi gəlirdi".

Həkimin dediyi bu sözlər isə tariximizə qızıl hərflərlə yazılmalıdır: "Yaralı əsgərlərimiz onlara ilkin yardım göstərilməsinə icazə vermirdilər, deyiridlər ki, komandirimiz ağır yaralıdır, öncə komandirimizə yardım edin, sonra bizə. Yüngül yaralılar ağır yaralılara köməklik edir, geyimlərini dəyişməyə, onlara yemək yeməkdə də kömək edirdilər. Bir hərbçimizi əməliyyata aldıq, utana-utana dedi ki, həkim, mən bir neçə gündür ki çimmirəm, üzrlü sayın, məndən pis qoxu qələ bilər. Biz onu qucaqladıq və öpdük ki sənin ətrin çiçək ətridir".