Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları Bəyanata uyğun olaraq 20 noyabr tarixində Ağdam rayonu Azərbaycana qaytarılıb. İşğalçı Ermənistan silahlı qüvvələrinin Ağdamı tərk etməsinə Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları səbəb olub.
Ağdamda evlərin, inzibati binaların ermənilər tərəfindən dağıdılaraq viran qoyulması şəhərdə bir vahimə yaradıb. Düşmən əlindən gəldiyi qədər şəhərin bütün izlərini silməyə çalışıb.
Şəhərin mərkəzi küçələrinin birində olan bir necə inzibati bina ilə yanaşı, vaxtında soyuq suyundan içilən bulağı da dağıdıblar. Ağdam düşmənin həm ac gözlüyünün, həm də ki, vandalizminin qurbanı olub.
Ağdam rayonu 1993-cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni, ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail olmuşdular.