SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fransa səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq

Fransa Milli Assambleyasının əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri XİN-ə çağrılacaq.
Sputnik

BAKI, 4 dekabr — Sputnik. Fransa Milli Assambleyasının əsassız və qərəzli qətnamə qəbul etməsi ilə bağlı Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə (XİN) çağırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycan tərəfinin qəti etirazı qarşı tərəfin diqqətinə çatdırılacaq.

Xatırladaq ki, Fransanın Milli Şurası (Parlamentin aşağı palatası) ölkə hökumətini Dağlıq Qarabağın "müstəqilliyini" tanımağa çağıran qətnaməni dəstəkləyib. 188 deputat bədnam qətnamənin lehinə, 3-ü əleyhinə səs verib, 16 nəfər bitərəf qalıb.

Milli Şuranın deputatları "sülh prosesini reallaşdırmağın və Qarabağın tanınmağının" vacibliyini qeyd ediblər. 

Fransada Azərbaycana qarşı növbəti xain addım

Aşağı palatanın iclasında çıxış edən Fransa XİN rəhbəri Jan İv Le Drian isə Fransanın Dağlıq Qarabağı tanımasının əleyhinə çıxıb.

"Qətnamə layihəsində izhar olunan məqsədi... yəni Dağlıq Qarabağın tanınmasını dəstəkləmirəm. Çünki bizim erməni dostlarımız bizdən Dağlıq Qarabağın tanınmasını istəmirlər. Və heç onlar özləri də tarix boyu, sərhədlər necə olur-olsun, heç vaxt Dağlıq Qarabağı tanımayıblar", - nazir deyib.
Le Drian qeyd edib ki, Ermənistan tərəfindən səsləndirilən xahişlər noyabrın 9-da atəşkəs barədə razılıqdan sonra Qarabağda sabitlik və təhlükəsizlik, hərbi əməliyyatlar nəticəsində yerdəyişmə etmiş şəxslərin geri qaytarılması ilə bağlıdır.

Xatırladaq ki, noyabrın 25-də Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaq barədə qətnamə qəbul edib. Senat hökumətə qondarma "DQR"i tanımaq barədə müraciət edib.

Azərbaycan və Türkiyənin rəsmi dairələri bu qərara ciddi təpki göstəriblər. Azərbaycanın Milli Məclisi 26 noyabrda Fransaya etiraz bəyanatı ünvanlayıb. Xarici İşlər Nazirliyi isə Fransaya nota verib və Fransa səfirini nazirliyə çağıraraq bu barədə onu bilgiləndirib. 

Fransa Xarici İşlər Nazirliyi də açıqlama verərək bəyan edib ki, Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır.