BAKI, 3 dekabr — Sputnik. Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam verib. Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncamda bildirilir:
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi yaradılsın.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində:
3.1. Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin layihələndirilməsi və tikintisinin maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.