CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşğaldan azad edilmiş ərazilərdə sərnişindaşıma infrastrukturu tamam məhv edilib - Rəsmi

Bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Azərbaycan Respublikasının işğaldan azad olunan Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın rayonlarında nəqliyyat infrakstrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına olan tələbatın təmin edilməsi, beləliklə avtomobil nəqliyyatı ilə göstəriləcək bütün xidmətlərin bərpa edilməsi əsas prioritetlərdəndir.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərimizdə ermənilər nəqliyyat infrastrukturuna ciddi ziyan vurublar. DANX-ın apardığı təhlillər zamanı 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizdə nəqliyyat infrastrukturu və avtomobil nəqliyyatı ilə xidmətinin təmin edilməsi üçün heç bir maddi və texniki baza qalmayıb: "22 avtonəqliyyat müəssisəsi (bu müəssisələrə məxsus qarajlar, idarə binaları, sexlər, qaraj avadanlıqları, qurğular), 10 avtovağzal və avtostansiya kompleksi, avtonəqliyyat müəssisələrinə məxsus Ağdamda 160, Laçında 70, Füzulidə 60, Cəbrayılda 15, Zəngilanda 40, Şuşada 90, Xocalıda 70, Qubadlıda 50, Xankəndidə 350, Kəlbəcərdə 70, Ağdərədə 30, Xocəvənddə 10 ədəd, ümumilikdə 1015 ədəd nəqliyyat vasitəsi talan edilib, yararsız hala gətirilib. Məhv edilən nəqliyyat infrastrukturu və maddi-texniki bazanın dəyəri isə milyonlarla manat həcmində ölçülür".