Şəhidlərin və müharibədə həlak olan mülki vətəndaşların bankdakı kredit borcları silinəcək

Azərbaycan Prezidentinin tapşırıqları və Mərkəzi Bankın tövsiyəsi ilə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq qərarları qəbul edib.
Sputnik

BAKI, 2 dekabr — Sputnik. Son dövrlər bəzi mətbu orqanlarda və sosial şəbəkələrdə bankların kredit borcunun ödənməsi üçün şəhid ailələrini və qaziləri narahat etməsi barədə həqiqəti əks etdirməyən məlumatlara aydınlıq gətirilib.

Sputnik Azərbaycan Azərbaycan Banklar Assosiasiyasının (ABA) yaydığı bəyanata istinadla xəbər verir ki, Azərbaycan Prezidentinin tapşırıqları və Mərkəzi Bankın tövsiyəsi ilə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə banklar yekdil olaraq aşağıdakı qərarları qəbul edib:

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin

- Düşmən təxribatı nəticəsində həyatını itirmiş mülki vətəndaşlarımızın banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tam həcmdə silinsin

- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması sentyabrın 27-dən tam dayandırılsın

- Torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş bank əməkdaşlarının ailələrinə şəhidin birillik əməkhaqqı miqdarında vəsait ödənilsin

- Torpaqlarımızın azad olunması uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına üçaylıq əməkhaqqı miqdarında birdəfəlik maddi yardım ödənilsin.

"Azərbaycan Banklar Assosiasiyasına üzv banklar qəbul edilmiş qərarı tam şəkildə icra etməkdədir. Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də, bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər.

Hazırda əsassız, ictimaiyyətdə yalnış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılmasının ümumi işimizə və qarşıya qoyduğumuz məqsədlərə uyğun olmadığını və belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik.

Azərbaycan bank icması hər zaman olduğu kimi, Prezident İlham Əliyevin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də Vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcək", - deyə ABA-nın bəyanatında qeyd olunur.