CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsil naziri: Ölkədə 1,5 milyon şagird var, satışda isə bu qədər kompüter yoxdur

 Təhsil naziri Emin Əmrullayev deyib ki, ölkədəki bütün şagirdlər kompüterlə təchiz edilsə belə, yenə də virtual təhsilin problemi olacaq.
Sputnik

BAKI, 2 dekabr - Sputnik. Təhsil naziri Emin Əmrullayev ölkədə distant təhsillə bağlı ciddi problemlərin olduğunu açıqlayıb. 

"Hamının rahat hesab etdiyi canlı öyrənmə mühitini bu gün bizdən asılı olmayan səbəblərdən təşkil edə bilmirik. Ona görə də cəmiyyətdə bəzən elə düşünülür ki, canlı təhsildən distant təhsilə keçilir. Böhran vəziyyətində öyrənmək üçün mümkün olanı edirik", - o deyib.

Nazir bildirib ki, ilk gündən kompüter və internet probleminin olacağı məlum idi. Bu səbəbdən də teledərslər layihəsini seçiblər:

"Zaman alsa da, teledərslər daha əlçatandır və orada ən bacarıqlı müəllimlər dərs deyir. Problem interaktivlə bağlıdır, yəni şagirdlər suallarını rahat verə bilmirlər. Böyük şəhərlərdə təxminən 74-75 % təhsilalanı qeydiyyatdan keçirib onlayn təhsilə cəlb edə bilmişik. Yerdə qalanlar bizim üçün də problemdir”.

E.Əmrullayev xatırladıb ki, ölkədə 1 milyon 500 min şagird var və onların hamısını qadgetlərlə təchiz etmək mümkün deyil:

"Etiraf edək ki, Azərbaycan bazarında heç bu qədər sayda kompüter satışda yoxdur. Bu qədər şagirdi kompüterlə təmin etsək belə, problem öz həllini tapmayacaq, əksinə bizim daha ciddi problemlərimiz olacaq. Odur ki, düzgün strategiya seçmək üçün ictimai müzakirəyə açıq olmalıyıq".