BAKI, 2 dekabr — Sputnik. Gədəbəy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayonun Səbətkeçməz kənd sakinləri Asəf Mehvalıyev və Şəhla Bağırova ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanları tərk etmələri müəyyən edilib.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, polis əməkdaşları dərhal onların rayon ərazisində yerini müəyyən edərək, tibbi prosedurlar gözlənilməklə yaşadıqları evə göndərib. Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.