SƏHİYYƏ

"20 yaşdan aşağı şəxslər ölüm daşıyıcılarıdır" - Nazirlik rəsmisi

"Virusdan qorunmaq üçün taksidə maska taxmaq, pəncərəni müəyyən qədər açıq qoymaq virusun qarşısını almaqda önəmlidir"
Sputnik

BAKI, 2 dekabr — Sputnik. "20 yaşdan aşağı şəxslər ölüm daşıyıcılarıdır, ölüm saçırlar. Onlar bəzən özləri də bilmədən xəstəlik daşıyırlar və xəstəliyi evdə, 65 yaşdan yuxarı şəxsə yoluxduraraq onun üçün təhlükə yaradırlar. Viruslar asanlıqla kənara yayıla bilər".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə Nazirliyinin rəsmisi Adil Allahverənov bu gün jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

O, taksilərlə bağlı təhlükədən də danışıb: "Taksi sürücüləri pəncərələri bağlayaraq rahatlıqla müştəri daşıyırlar. Virusdan qorunmaq üçün taksidə maska taxmaq, pəncərəni müəyyən qədər açıq qoymaq virusun qarşısını almaqda önəmlidir. Ümumiləşdirərək deyim ki, 20 yaşdan aşağı şəxslər təhlükə mənbəyi olmaqla yanaşı, bu vəziyyət 65+ yaşda olanlar üçün də təhlükəlidir".

Virusun çoxluğu sevdiyini deyən nazirlik rəsmisi ondan qorunmaq üçün çoxluq olan yerdən qaçmağın önəmli olduğunu bildirib. O, həmçinin sərt tədbirlərin görülməsinin vacibliyini vurğulayıb: "Əks halda, xəstələri yerləşdirmək üçün xəstəxanada yer qalmayacaq. Artıq həkimlərimiz də əldən düşüblər. Sərt tədbirlər görülməsə, rəqəmləri azaltmaq mümkün olmayacaq".