CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tikintidə zərərli tozların qarşısını alan yeni metod Azərbaycanda tətbiq ediləcəkmi?

Həkimin fikrincə, tikinti sahələrində aparılan iş zamanı havaya qalxan toz eyni zamanda işçinin görmə qabiliyyətini də zəiflədir.
Sputnik

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 1 dekabr — Sputnik. Rusiyanın Don Dövlət Texniki Universitetinin alimləri, tikinti sahəsində zərərli toz miqdarını hesablamaq üçün metod hazırlayıb. Mütəxəssislər bunun hava tullantılarının azaldılmasına və əhalinin sağlamlığının qorunmasına kömək edəcəyinə inanırlar.

Belə ki, bu metod həm işçilər, həm də inşaat sahəsinin yaxınlığında yaşayanların sağlamlığını qoruyacaq.

Alimlər görülən tikinti işlərinin təqvim modelləşdirmə üsulu hazırlayıb. Bu üsulla ilin müxtəlif vaxtlarında və müxtəlif tapşırıqları yerinə yetirərkən havaya nə qədər zərərli toz düşdüyünü hesablamaq mümkündür.

Vətəndaşların tikinti şirkətlərindən narazılığının qarşısını almaq lazımdır

Mütəxəssislərin fikrincə, yeni metod dünyanın istənilən ölkəsində eyni tikinti materialları və iş texnologiyaları ilə eyni tipli tapşırıqların dizaynı və icrası zamanı istifadə oluna bilər. Tikinti menecerləri hər zaman atmosferə atılan zərərli tozlara nəzarət etməlidirlər, əks halda cərimə ediləcəklər.

Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, inşaat sahələri yaxınlığında havada zəhərli maddələrin konsentrasiyasının daha çox olur. Belə ki, araşdırmalrla havada kükürd dioksid, ammonyak, sulfatlar və nitratlar olduğu müəyyən edilib.

"Bu hissəsiklər daha çox tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər. İşçilər və ya tikinti sahələri yaxınlığında yaşayan sakinlər bundan böyük zərər görə bilər. Çünki həmin hissəsiklər nəfəslə ağciyərlərə dolur. Ciyərləri zamanla sıradan çıxarır. Tikinti sahələrində çalışan işçilər çox zaman astma, bronxit və digər ağciyər xəstəliklərindən əziyyət çəkirlər" - deyən həkim vurğulayıb ki, əvvəllər tikinti sahələrində və digər ağır işlərdə çalışanalra süd verilirdi.

Süd gün ərzində işçinin nəfəs yolu ilə qəbul etdiyi zərərli maddələri az da olsa təmizləyə bilirdi. İndi tikinti şirkətlərində isə, bu qaydalar nəzərə alınmır.

Yəni, bəzi şirkətlər işçilərinə nəfəs üçün toza qarşı maskalar versə də, bəzi şirkətlərdə buna heç önəm verilmir.

Həkimin fikrincə, tikinti sahələrində aparılan iş zamanı havaya qalxan toz eyni zamanda işçinin görmə qabiliyyətini də zəiflədir.

"Düzdür, insan çox zaman sağlamlığının qayğısına xəstələndikdən sonra qalmağa başlayır. Ancaq bu sahədə çalışanlar daha diqqətli olmalıdırlar. Bacardıqları qədər özlərini qorumalıdırlar", - həkim bildirib.

Bu dəfə də COVID-19-u toz yayacaq

Araşdırma ilə, insanın sağlamlığına təsir göstərən, qışda, yayda, xüsusilə də sanitariya mühafizə zonasında fərqli rütubətlə, tikinti zamanı nə qədər tozun sərbəst buraxılacağını hesablamaq mümkün olacaq.

Belə ki, görülən tikinti işlərin təqvim modelləşdirilməsi metodu havadakı tozun miqdarını azaltmaq və insan bədəninə zərərli təsirlərini azaltmaq üçün vasitələrdən daha səmərəli istifadə etməyə imkan verəcək.

Tikinti məsələləri üzrə ekspert Elnur Fərzəliyevin fikrincə, tikinti şirkətləri gələcəkdə bu məsələni nəzərə almalıdır: "Çünki, həqiqətən də, bəzi şirkətlər bu məsələyə önəm vermir, gözardı edirlər. Təqvim modelləşməsi önəmli məsələdir. Əgər ilin hansısa fəslində bu tozların miqdarı az olursa, bu nəzərə alınmalıdır. Çünki tikintilər zamanı təkcə, işçilər deyil, ətrafda yaşayan vətəndaşalar da müəyyən təsirlərə məruz qalır".