CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Su ehtiyatlarının qiymətləndirilməsi sahəsində dönüş yaranır

Ramiz Məmmədov suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyac olduğunu vurğulayıb.
Sputnik

BAKI, 30 noyabr — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının akademiki H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun ölkənin su təminatı ilə vəziyyətinə aydınlıq gətirən məqaləsi dərc edilib. AMEA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın şirin su ekosistemləri: problemlər və gözləntilər" adlı məqalədə bu ilin yay-payız aylarında Kür çayında yaranmış vəziyyətlə əlaqədar aparılan tədqiqat işlərinin nəticələr yer alıb. Şirin su ilə bağlı problemlərin hələ bir müddət davam edəcəyini proqnozlaşdıran akademik bununla əlaqədar iqtisadiyyatın strateji sahələrinin strukturunda dəyişikliyə ehtiyac olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Türkiyənin təcrübəsindən yararlanaraq, respublikamızın intellektual bazası hesabına "elm-bilik" mərkəzlərinin yaradılması ilə daha az şirin su işlədən emaledici sənayenin, xüsusilə yüksək texnologiyaya əsaslanan sahələrin inkişafını sürətləndirmək olar. Bundan başqa, suvarma sahəsində qabaqcıl, müasir təcrübəyə malik yerli və xarici ölkə fermerlərinə həsr olunmuş müntəzəm televiziya verilişlərinə ehtiyacın olduğu vurğulanıb.

Alim həmçinin bildirib ki, Tərtər çayı üzərindəki Suqovuşan, Araz çayı üzərindəki Xudafərin, Köndələnçaydakı Kaskad su anbarları, bir sıra çaylarımız, vaxtilə qazılmış yüzlərlə subartezian quyuları, İranla müştərək tikilməsi nəzərdə tutulmuş Qız qalası hidroqovşağı su ehtiyatlarının qiymətləndirilməsi və istifadəsi sahəsində bir dönüş yaradacaq.