Başa çatmaqda olan ilin ən məşhur sözü elan edildi

Qeyd edək ki, keçən il "Webster lüğəti" ingilis dilindəki "they" ("onlar") kəlməsini "ilin sözü" elan etmişdi.
Sputnik

BAKI, 30 noyabr — Sputnik. "Vebster lüğəti" kimi məşhurlaşan Amerikanın Merriam-Webster ingilis dili lüğəti 2020-ci ilin ən məşhur sözünü müəyyən edib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu söz – "pandemiya" və ya "pandemik"dir.

"Bəzən bir kəlmə bütöv bir dövrü xarakterizə edir və bu müstəsna, son dərəcə çətin ilin sözünü müəyyən etmək üçün araşdırma apardığımız vaxt bir kəlmə dərhal ön plana çıxdı. Beləliklə, 2020-ci ildə bizim onlayn-lüğtdə ən çox axtarılan söz – "pandemic" ("pandemiya" və ya "pandemik") olub, – deyə "Webster lüğəti"nin saytındakı məlumatda bildirilir.

O da qeyd olunur ki, axtarış sorğularında ilk dəfə 2020-ci ilin fevral ayının 3-də bu sözün kəskin artımı müşahidə olunub. Ümumilikdə isə ABŞ-da ilk COVID-19 virusuna yoluxma hadisəsinin qeydə alındığı 20 yanvar tarixində insanlar lüğətdən "pandemiya" sözünü mənasını axtarmağa başlayıblar.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatı (DST) martın 11-də yeni koronavirus infeksiyasının yayılmasını pandemik vəziyyət kimi qiymətləndirib. DST-in son məlumatlarına görə, artıq bütün dünyada 61 milyondan çox insan bu virusa yoluxub, 1,4 milyondan çox insan isə COVID-19-a qurban gedib.

Qeyd edək ki, keçən il "Webster lüğəti" ingilis dilindəki "they" ("onlar") kəlməsini "ilin sözü" elan etmişdi.