BAKI, 29 noyabr — Sputnik. Kürmük məbədi Azərbaycanın Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim alban məbədinin (I-III əsrlərdə) qalıqları üzərində XIX əsrdə inşa edilib.
Sputnik Azərbaycan xəbər verir ki, Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Kürmük məbədi haqqında qısa videoçarx hazırlayıb.
Məlumat üçün bildirək ki, sözügedən məbədgahı müsəlmanlarla bərabər, xristianlar da eyni gündə ziyarət edirlər. Dini etiqadlarından asılı olmayaraq, vaxtilə əcdadlarının müqəddəs saydığı bu yeri ziyarət etməklə, hər kəs öz arzularının yerinə yetirilməsini diləyir və hərə öz dilində Allaha dualar edir.
Burada maraqlı cəhətlərdən biri də odur ki, "Kürmük oba" bayramında xristian zəvvarlar da İslam dininin haram buyurduğu donuz ətindən imtina edirlər.