"Demokratiyanın beşiyi"ndə iğtişaşlar: qanun layihəsi 133 min insanı özündən çıxardı

Polislərin foto və videolarının çəkilməsini qadağan edən qanun layihəsi Fransada 133 min insanı hiddətləndirib. Onlar küçələrə axışaraq polislərə "hədlərini bildirməyi" özlərinə borc biliblər
Sputnik

BAKI, 29 noyabr - Sputnik. Fransada şənbə günü, noyabrın 28-də keçirilən "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyalarında ən azı 62 polis əməkdaşı xəsarət alıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən bildirir ki, 23 polis işçisi Parisdə, 39-u isə əyalətlərdəki aksiyalarda yaralanıb.

Həmçinin bildirilir ki, iki nəfər etirazçı Baş Polis Müfəttlişliyinə hüquq-mühafizə orqanları tərəfindən zorakılığa məruz qaldıqları barədə şikayət edib.

Etiraz aksiyası zamanı suriyalı fotoqraf Əmir Əl-Həlbi başından yaralanıb. "Sərhədsiz reportyorlar"ın baş katibi Kristof Deluar fotoqrafa qarşı "polis tərəfindən yolverilməz zorakılığı" qınayıb.

Ölkə üzrə 80 etirazçı həbs edilib.

Noyabrın 28-də Fransanın 70 şəhərində "Qlobal təhlükəsizlik haqda" qanun layihəsinə qarşı etiraz aksiyaları keçirilib. Bu layihə faktiki olaraq polis və jandarmeriya əməkdaşlarının foto və videolarını çəkməyi qadağan edir. Etiraz aksiyalarında "Siz silahları endirin, biz də kameraları" şüarları səsləndirilib. Aksiyalarda 133 min nəfər iştirak edib.