Quş qripi yenidən alovlanıb

Danimarkalı fermerlər 25 min, yaponlar isə 93 min toyuğu məhv ediblər və yüz kvadratmetrlərlə ərazini dezinfeksiya ediblər.
Sputnik

BAKI, 28 noyabr — Sputnik. Yaponiyada yeni quş qripi ocağı müəyyən edilib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, xəstəlik ölkənin cənub-qərbindəki quşçuluq təsərrüfatlarından birində qeydə alınıb. Bir həftə əvvəl isə danimarkalı fermerlər quşlarının arasında xəstəlik yayıldığını bildiriblər. Orada 25 min toyuğun məhv edilməsinə qərar verilib.

Yaponiyada isə 93 min toyuq məhv edilərək, yüz kvadratmetrlərlə ərazidə dezinfeksiya aparılıb. Bu, artıq Yaponiyada ikinci belə haldır. Birinci dəfə noyabrın əvvəlində müşahidə edilmişdi. Və o zaman gündə 4 min toyuq xəstəlikdən ölürdü. Xəstəlik bir-biri ilə əlaqəsi olmayan iki ayrı toyuq fermasında müşahidə edilmişdi. Həmin vaxt təsərrüfat sahibləri tərəfindən bir milyon toyuq məhv edilmişdi.

Quş qripi kəskin yoluxucu viral xəstəlikdir. Toyuqlar və hinduşka buna daha çox həssasdır. Xəstəlik köçəri quşlar tərəfindən gətirilir. Quş qripi insanlara xəstə heyvanlarla təmas yolu və ya xam qidalar - xəstə quşların ət və yumurtaları - yolu ilə yoluxa bilər.