CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Baş redaktor Füzulidə minaya düşərək həlak olub

Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru Zibeydə Adilzadə bu gün Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək qohumları ilə birlikdə həlak olub.
Sputnik

BAKI, 28 noyabr - Sputnik. Bu gün Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində "Toyota" markalı avtomobillə hərəkətdə olarkən minaya düşərək həlak olanlardan biri jurnalistdir.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, ölənlərdən Adilzadə Zibeydə Şakir qızı (Zibeydə Şakir) Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktorudur.

Qeyd edək ki, Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində geri çəkildikcə əraziləri minalayaraq növbəti təxribat əməllərinə yol verməklə, artıq yeni üsul və metodlardan istifadə edərək dinc sakinlərimizə qarşı cinayət əməllərini törədib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 28 noyabr saat 15:20-də Azərbaycan Respublikasının vətəndaşları Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndi ərazisində 90-BL-558 dövlət qeydiyyat nişanlı "Toyota" markalı avtomobillə hərəkətdə olarkən ilkin ehtimala görə tank əleyhinə minaya düşmələri nəticəsində həlak olublar.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilisb, digər prosessual hərəkətlər yerinə yetirilib.