QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Baş Prokurorluq və DİN: İşğaldan azad olunmuş ərazilərə getməyin

Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik
Sputnik

BAKI, 28 noyabr - Sputnik. Respublikanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi vətəndaşları təhlükənin mövcudluğunu nəzərə alaraq müvafiq icazə olmadan işğaldan azad olunmuş ərazilərə səfər etməməyə çağıırıb.   

"Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu uzun müddət təcavüzkar düşmənin işğal altında saxladığı əraziləri azad edib. Uzun illər vətən həsrətində qalmış vətəndaşların işğaldan azad edilmiş torpaqlarımıza səfər etməyə can atmaları başadüşüləndir. Lakin bəzi vətəndaşlar əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq həmin ərazilərə səfər edirlər”, - Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) birgə yaydığı məlumatda bildirilib.

Füzulidə dəhşətli faciə: Beş nəfər minaya düşərək həyatını itirib

Orada həmçinin qeyd olunub ki, noyabrın 28-də vətəndaşlar Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firudin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu, Hacıyeva Elminaz Məhərrəm qızı və Adilzadə Zibeydə Şakir qızı “Toyota Land Cruizer” markalı 90-BL-558 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun Qorqan və Aşağı Seyidəhmədli kəndləri arasında minalanmış ərazi olduğunu bildirən işarəyə məhəl qoymayaraq hərəkəti davam etdiriblər. Nəticədə tank əleyhinə minaya düşərək həlak olublar.

"Bir daha əhaliyə xəbərdarlıq edərək təhlükənin mövcudluğunu nəzərə alıb müvafiq icazə olmadan, işğaldan azad olunmuş ərazilər minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edirik”, - deyə müraciətdə qeyd olunub.