CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb
Sputnik

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.